QAN YADDAŞI
Bolqarıstan mətbuatında 20 Yanvar hadisələrindən bəhs edən məqalə yayılıb
Sofiya, 20 yanvar, AZƏRTAC
Bolqarıstanın nüfuzlu “Cross” xəbər agentliyinin saytında və “Standart” qəzetində “20 Yanvar – Azərbaycan xalqının qan yaddaşı” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Qanlı Yanvar hadisələri Azərbaycan tarixində həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi xarakterizə edilir.
Bildirilir ki, 1987-ci ilin oktyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyevin vəzifələrindən uzaqlaşdırılmasından sonra Dağlıq Qarabağ problemi ortaya atılması, 1988-ci ilin fevralında Vilayət Xalq Deputatları Sovetinin Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsi barədə qərarı, bu qərarın Azərbaycanın ərazi bütövlüyünün pozulması və torpaqlarının bir qisminin işğalına yönəlmişdi.
Məqalədə Dağlıq Qarabağda baş qaldırmış erməni separatizminə SSRİ rəhbərliyi tərəfindən “yaşıl işıq” yandırılması, DQMV-də yaradılmış Xüsusi İdarə Komitəsinin Azərbaycana qarşı qərəzli mövqeyi sayəsində muxtar vilayətin idarə-müəssisələrinin tədricən Azərbaycanın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından tamamilə deportasiya edilməsinə, bu hadisələr fonunda ölkədə baş qaldırmış ümumxalq hərəkatının qarşısını almaq və Azərbaycan xalqının müstəqillik əzmini qırmaq məqsədilə ölkəyə yeridilən sovet ordusunun beynəlxalq hüququn normalarını, keçmiş SSRİ və Azərbaycan SSR-in konstitusiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı görünməmiş qırğın törətməsinə geniş yer verilir.
Qeyd olunur ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə sovet ordusunun 26 min nəfərlik kontingenti Azərbaycanın Bakı və Sumqayıt şəhərlərinə, eləcə də ölkənin digər şəhərlərinə yeridilərək “Udar” adlı əməliyyatı həyata keçirib, bu hərbi müdaxilə nəticəsində 147 mülki şəxs qətlə yetirilib və 744 nəfər ağır xəsarət alıb. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olub.
Məqalədə qanlı hadisənin səhəri günü – yanvarın 21-də Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək burada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etməsi, bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirməsi, bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etməsi barədə də məlumat verilir.
Həmçinin diqqətə çatdırılır ki, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapıb.
Yazıda 20 Yanvar faciəsinə gətirən hadisələrin doğru dəyərləndirilməsinin zəruriliyi vurğulanır, bütün bu faciələrin əsasında XIX əsrin əvvəllərindən etibarən bölgəyə kütləvi şəkildə köçürülməyə başlayan, xüsusilə Azərbaycanın tarixi torpaqlarında məskunlaşan ermənilərin əsassız ərazi iddiaları və Azərbaycan xalqına qarşı təcavüzünün dayandığı bildirilir.
Sonda qeyd olunur ki, müzəffər Azərbaycan Ordusunun Vətən müharibəsində Qələbəsi 30 il davam edən işğala son qoyub və Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqları əzəli sahiblərinə geri qayıdıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya