MƏDƏNİYYƏT
Böyük biznes tədbirləri Dubay otellərində gecəlik 1 milyon qonaqlamanı təmin edəcək
Bakı, 6 fevral, AZƏRTAC
Mühüm biznes tədbirlərinin təşkilatçısı olan “Dubai Business Events” (DBE) 2019-cu ildə yeni tədbirlərin keçirilməsinə 301 müraciət alıb və bunun sayəsində Dubay yaxın illərdə 1 509 095 nümayəndə qəbul edəcək. AZƏRTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, bunun sayəsində şəhərin otellərində 620 nömrə dolu olacaq və 2020-ci ildə 1 milyondan artıq gecəlik qonaqlama təmin ediləcək.
Qeyd olunub ki, DBE ötən il otel bronlamaq üçün təşkilatlardan və müxtəlif ölkələrdən 595 müraciət qəbul edib. Dubay Turizm Korporasiyasının baş direktoru İssam Kazım bildirib ki, şəhərdə keçiriləcək “Expo-2020” ərəfəsində turistlərin sayı daha da artacaq. O əlavə edib ki, rəhbərlik etdiyi korporasiya bu məqsədlə artıq dünyanın bir çox ölkələrinin turizm agentlikləri ilə əməkdaşlıq edir. Baş direktorun sözlərinə görə, 2020-ci ildə keçiriləcək Qlobal Konfransda 10 mindən çox, 45-ci Dünya Xəstəxanalar Konqresində 1100, Coğrafi Məkan Həftəsində 1500 əcnəbi qonaq iştirak edəcək. Bundan başqa, IMEX, “The Meetings Show”, “IMEX America and IBTM World” sərgilərinin Dubayda keçirilməsi üçün də təkliflər göndərilib.