MƏDƏNİYYƏT
Böyük kinostudiyalarda baş verən fırtına
Bakı, 14 iyul, Məmməd Məmmədli, AZƏRTAC
Dünya kinematoqrafiya sənayesindəki üstünlüyünə baxmayaraq “Hollywood” 1950-ci illərdə elə bir fırtınaya düşdü ki, bu fırtına kinonun yaranma tarixindən onun böyük kinostudiyalar üzərində etdiyi hökmranlığına nəinki son qoydu, eyni zamanda, kino sistemini tamamilə dağıtdı. Həyəcan təbilinin ilk əlamətləri tamaşaçıların sürətlə azalması idi ki, studiya rəhbərləri bunun səbəbini televiziyada görürdülər. Ancaq zaman onu göstərdi ki, vəziyyətə təsir edən amil kiçik ekran deyil, İkinci Dünya müharibəsinin sonundan müşahidə edilən orta təbəqə amerikan ailəsinin həyat tərzidi.
Müharibə bitdikdən sonra cəbhədən qayıdan əsgərlər övlad sahibi olmaq arzusu ilə ailə həyatı qururdular. Onlar adətən şəhərdən kənarda, kiçik həyəti olan birmərtəbəli evlərdə yaşayırdılar. Bu da onları kinoteatrlardan uzaq salırdı. Ancaq kinostudiyalar başa düşəndə ki, kinoteatr öz şəbəkəsini şəhərətrafı regionlarda genişləndirməlidir, tamaşaçı itkisi artıq öz sözünü demişdi. Bunu da qeyd etmək lazımdır ki, böyük şirkətlər kinoteatrlarla bağlı çətinliklər yaşayırdı. Artıq Ədliyyə departamenti 1930-cu illərdən “Hollywood”un film nümayiş etdirdiyi zalların inhisarçılıq fəaliyyətinə qarşı tədbirlər görürdü. Çünki, böyük kinostudiyalar istehsal etdikləri filmləri özlərinin geniş kinoteatr şəbəkəsində yayımlayır, eyni zamanda, onlara rəqib olan digər kinoteatrlar qarşısında tələblər irəli sürürdülər. Bu kiçik kinoteatrlar toplu sistemilə üzləşdiyindən əl-qolları bağlı qalırdı. Misal üçün, əgər “Metro Goldwyn Mayer”in istehsal etdiyi “Parisdə bir amerikalı” ekran əsərini nümayiş etdirmək istəyirsə, həmin kinostudiyanın digər orta səviyyəli filmlərini də almalı idi. Ədliyyə departamentinin gördüyü antiinhisarçı tədbirlər böyük kinostudiyaların nümayiş zallarından uzaqlaşmaları ilə nəticələndi ki, bu da sən demə, onların əsas gəlir mənbəyi idi. Onlara vurulan zərbə çox ağır oldu.
Öz kinoteatrlarını bağladıqları üçün bir çox kinostudiyalar vergi də ödəyə bilmirdilər. Buna görə də bank və böyük maliyyə mərkəzləri artıq kino sənayesinə etibar etmirdi. Studiyaların büdcəsindəki pul çatışmazlığı kino istehsalının qəfil durmasına gətirib çıxardı. Maraqlıdır ki, çəkilən filmlərin sayının azalması xərclərin də azalmasına səbəb oldu. Artıq uzun siyahıda olan peşəkar işçiləri saxlamaq sərfəli deyildi və nəticə etibarı ilə ştatda ixtisarlar aparılırdı.
Premyeraların az sayda olması, həm də kinostudiyaların zallarda nümayiş etdirdiyi filmlər üzərindəki nəzarətini itirməsindən sonra hansısa bir tammetrajlı ekran əsərinin uğur qazanıb-qazanmaması barədə fikir söyləmək mümkün deyildi. Şimali Amerika kino sənayesi zamanın tələblərinə uyğunlaşmaq üçün köklü dəyişikliklər etməli idi. Bəzilərinin müqavimətinə baxmayaraq, bu dəyişikliklər özünü gözlətmədi. Bazarın tutduğu yol azad istehsala yönəlmişdi. Bir çox görkəmli aktyor və bahalı rejissorlar prodüserlik sahəsinə keçdilər. Onlar bunu iki səbəbə görə etdilər. Bir tərəfdən qanuni müddəalar onları yüksək vergidən azad edir, digər tərəfdən, maliyyə mərkəzləri film istehsalına pul ayırarkən kinostudiyadansa, daha çox kino ulduzuna etibar edirdi. Məşhur aktyorlar bu zaman kiçik istehsalçılara çevrilərək böyük studiyaları tərk etməyə başladılar.
“Stanley Kramer”, “Sam Spiegel”, “Hal B. Wallis” kimi azad kino istehsalçıları ilə yanaşı müxtəlif rejissorlar özlərinin şəxsi prodakşn şirkətlərini yaratdılar. Belə rejissorlardan Elia Kazan, John Hyüston və Alfred Hiçkoku göstərmək olar. Onlarla yanaşı, digər aktyorlar da bu oyuna qoşuldular. Henri Fonda öz şirkəti ilə “On iki rəhmsiz insan” filmini çəkdi və orada baş rolu oynadı. Bört Lankaster özünün “Marty” ekran əsərini yaratdı. Böyük bir uğur qazanan bu filmdə Ernest Borqnayn və Betsi Bleir sadə bir məhəbbət hekayəsini canlandırdı. Doris Dey, Ceyms Kaqni, Con Veyn, Kirk Duqlas və digər aktyorlar çəkiliş zamanı aktyorluğu prodüserliklə növbələşdirərək müstəqilliyə can atan kino sənətkarlarından idilər. Bu fenomenlik onu göstərdi ki, 1959-cu ildə Amerika Birləşmiş Ştatlarında çəkilən filmlərin 75 faizi azad istehsalçı şirkətlərin payına düşdü. Bu arada böyük kinostudiyalar film istehsallarını məhdudlaşdırır, onların az bir hissəsini maliyyələşdirir və daha çox filmlərin təbliği, nümayişi ilə məşğul olurdu. Bu isə fürsəti qaçırmamağın yeganə yolu idi. Onların çörəyi kəsildiyindən üzlərini hər zaman düşmən saydıqları televiziyaya tutub, onlarla birləşmək məcburiyyətində qaldılar. Bir çox şirkətlər köhnə filmlərin yayımlanma hüququnu telekanallara satmaqla yaxşı gəlir götürdülər. Buna paralel olaraq teleseriallar çəkməyə başladılar ki, telekanallar həm də özlərinin yayım saatlarını artıra bilsinlər. Beləliklə, televiziya Hollivudun böyük bir dayağına çevrildi.
Kinostudiyaların zəfər çağlarını əllərindən alan fırtına təkcə kino istehsalı sistemində radikal dəyişikliklər yaratmadı, bundan başqa filmlərin süjeti də dəyişdi. Hər dəfə çəkiliş meydançasında lentə alınan və sonu yaxşılıqla bitən filmlər daha az görünməyə başladı. 1950-ci illərdə rejissorlar neorealizm cərəyanının təsirindən daha çox, gerçək və acı əhvalatlar qurmaq üçün küçələrə çıxdılar. Vinçente Minellinin “Pisliyin əsirləri”, Fritz Lanın “Rüşvət”, Daniel Mannın “Sabah ağlayacağam” Con Stercesin “Susmaq haqqında razılaşma”, Otto Premincerin “Qızılqollu adam”, Aleksandr Makendrikin “Brodveydə şantaj” ekran əsərlərindəki rüşvətxorluq, sərxoşluq, narkotika, irqçilik və xəsislik mövzuları tam olaraq Şimali Amerika cəmiyyətinin həyatını əks etdirdi.
Belə növ istehsallar bütün onillik boyu maraq doğuran əsas qəhrəman obrazının doğulmasına – böyüklərin yaratdığı həyat sisteminə nifrət edən üsyankar və problemli gənc nəsil obrazının yaranmasına səbəb oldu. Heç kim şübhə etmir ki, bu obrazı ən yaxşı ifa edənlərdən biri Ceyms Diin olub – “Şərqi Eden” və “Səbəbsiz üsyan” filmlərində baş rolu canlandıran, tamaşaçılarda şok yaradan gənc bir oğlan... Bununla da gənclərin problemlərini əks etdirən filmlər yeni növ filmlərin çəkilməsinə gətirib çıxardı. Belə filmlərin əsas mövzusu roknrol idi və növbəti əfsanə “Rock Around the Clock”, “Həbsxana roku” filmlərində rol alan Elvis Presley adlı bir şəxs idi. Bütün bunlara baxmayaraq, Şimali Amerika film istehsalının məzmununda köklü dəyişiklik 1960-cı illərdən sonra başlayacaqdı...