MƏDƏNİYYƏT
Böyük satira ustadı...
Bakı, 16 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mərkəzi Kitabxana Sisteminin mərkəzi kitabxanasında yazıçı, jurnalist, böyük satirik, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illik yubileyi ilə əlaqədar “Böyük satira ustadı” adlı tədbir təşkil olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbiri Xətai rayon MKS-nin baş kitabxanaçısı Gülzadə Quliyeva açaraq böyük sənətkarın həyat və yaradıcılığı barədə məlumat verib və Prezident İlham Əliyevin Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamını xatırladıb.
Sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Alxan Məmmədov çıxış edərək bildirib ki, ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin yazıb-yatdığı qiymətli dram və nəsr əsərləri, parlaq publisistikası dərin humanist məzmuna malik olub, özündə milli və ümumbəşəri dəyərlərin vəhdətini ehtiva edir. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur.
Cəlil Məmmədquluzadənin ev-muzeyinin baş elmi işçisi Yeganə Məmmədova məruzəsində qeyd edib ki, yazıçının əsərləri özündən sonrakı ədəbi prosesə, eləcə də müasirlərimizin yaradıcılığına əhəmiyyətli dərəcədə müsbət təsiri olub. Bunu istər mətbuatımızda, istərsə də ayrı-ayrı yazıçılarımızın dil və üslubunda aydın şəkildə görmək olar.
Jurnalist-hüquqşünas Əntiqə Qonaq qeyd edib ki, ulu öndər Heydər Əliyev böyük Mirzə Cəlil və onun “Molla Nəsrəddin” jurnalına belə dəyər verib: “Biz Cəlil Məmmədquluzadəyə, sadəcə, bir ədəbiyyatçı kimi, yazıcı kimi, publisist kimi yox, eyni zamanda, böyük ictimai xadim və böyük siyasətçi kimi yanaşmalıyıq. Cəlil Məmmədquluzadə öz yaradıcılığı ilə Azərbaycanın ictimai-siyasi həyatının inkişafında, milli ruhun yüksəlməsində böyük rol oynamışdır. Bu, təkcə ədəbiyyatda, mədəniyyətdə deyil, siyasətdə də, ictimai həyatımızda da böyük xidmətdir”.
Tədbirdə Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi haqqında Prezidentin Sərəncamının əhəmiyyətini yüksək dəyərləndirən Xətai rayon MKS-nin direktoru Həmidə Məmmədova həmin sənədlə əlaqədar görüləcək tədbirlər haqqında danışıb.
Sonda Xətai rayon 191 və 257 nömrəli tam orta məktəblərin şagirdləri Cəlil Məmmədquluzadənin əsərlərindən hazırlanmış kompozisiyalarla çıxış ediblər.