CƏMİYYƏT
Brakonyerliklə məşğul olanlar altı ay ərzində 40 min manatdan çox cərimələniblər
Bakı, 9 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə altı ay ərzində keçirdiyi reydlərin nəticələri açıqlanıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, keçirilən reydlər zamanı xüsusi mühafizə olunan təbiət ərazilərində və ovçuluq təsərrüfatlarında qanun pozucularına qarşı ümumilikdə 529 akt və 152 protokol tərtib edilərək 116 min 315 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 9, icra qurumlarına 30, aidiyyəti rayon məhkəmələrinə 4 iş göndərilib.
Bundan başqa, brakonyerliklə məşğul olan şəxslərə qarşı 27 akt və 30 protokol tərtib edilərək 40 min 497 manat məbləğində inzibati qaydada cərimə və ziyan tətbiq olunub. Qanun pozucularından 17 ədəd ov tüfəngi, 83 ədəd patron, 23 ədəd balıq toru, 2 ədəd qayıq mühərriki və qayıq götürülüb.
Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə reydlər davam etdirilir.