İDMAN


Bu gün futbol üzrə Azərbaycan kubokunun finalçıları müəyyənləşəcək

Bakı, 29 aprel, Nicat Məmmədov, AZƏRTAC

Aprelin 29-da futbol üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bununla da ölkə kubokunun finalçıları müəyyənləşəcək.

Günün ilk matçında “Qarabağ” klubu “Sumqayıt”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq. İlk oyunda rəqibi ilə qolsuz heç-heçəyə razılaşan “köhlən atlar”ı minimal hesablı qələbə də qane edəcək.

Meydan sahiblərinin heyətində Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev zədə səbəbindən oyunu buraxacaqlar. Qapıçı Ş.Məhəmmədliyev qarşılaşmanın “23-lüy”ündə yer alacaq, amma matçda forma geyinməyəcək. Yüngül zədəsi olan Bədavi Hüseynovun görüşdə iştirakı sual altında olsa da, Patrik Andrade meydana çıxmağa hazırdır. Qonaqların heyətində isə cəzalı və ya zədəli oyunçu yoxdur.

Digər oyunda isə “Zirə” ilk matçda 2:1 hesabı ilə qalib gəldiyi “Keşlə”ni sınağa çəkəcək. Meydan sahiblərinin iki futbolçusu “Keşlə”yə qarşı ev matçında olmayacaq. Ruslan Qurbanov ötən həftə koronavirusa yoluxduğundan, Riçard Almeyda isə cəzalı duruma düşdüyündən, komandasına kömək etməyəcək. Qonaqlarda isə legionerlər - Miyusko Boyoviç və Yevgeni Koçuk zədə səbəbindən meydana çıxmayacaq. Görüş saat 20:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” - “Sumqayıt” oyununu Əliyar Ağayev, “Zirə” – “Keşlə” qarşılaşmasını isə Elçin Məsiyev idarə edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.