İQTİSADİYYAT
Bu günədək Bakı metrosunun qaynar xəttinə 4691 zəng daxil olub
Bakı, 6 yanvar, AZƏRTAC
Sərnişinlərə nümunəvi xidmətin keyfiyyətini təmin etmək məqsədilə fevral ayının 28-də metropolitendə 964 və (+99412) 490-00-00 nömrələrindən ibarət 24 saat fəaliyyətdə olan qaynar xətt yaradılıb. Bu günə qədər xəttə 4691 zəng daxil olub və hər biri müvafiq qaydada cavablandırılıb, araşdırma tələb edən məsələlərə xüsusi həssaslıqla yanaşılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Həmçinin bildirilib ki, sərnişindaşıma təhlükəsizliyi çərçivəsində yeni növ koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülüb. Yanvarın son günlərindən başlayan silsilə maarifləndirici və ilkin profilaktik tədbirlər getdikcə dövrün tələbinə uyğun gücləndirilib. Fevralın 21-dən gecə növbəsində qatarların və stansiyaların əsaslı dezinfeksiya işlərinə başlanılıb və müntəzəm olaraq, xüsusi tərtib edilmiş qrafik üzrə davam etdirilib. Stansiyaların əllə təmas olunan bütün səthləri, istisnasız olaraq, insan orqanizminə əks təsiri olmayan dezinfeksiyaedici maddələrdən istifadə olunmaqla təmizlənərək silinir. Hər bir stansiyanın xüsusiyyətindən asılı olaraq iyul ayından cari dezinfeksiya tədbirlərinin gündəlik olaraq ən azı 6 dəfə aparılmasına qərar verilib.
Qatarlar isə hər gün baxış və qulluq üçün elektrik deposuna göndərilərkən depo şəraitində müvafiq sanitar-gigiyenik tədbirlərə əlavə olaraq cəlb olunur. Eyni zamanda, qatarlar “Bakmil” stansiyasından depoya və əksinə olaraq, qapıları açıq saxlanılmaqla havalandırılır.
Mayın 9-da sərnişindaşıma fəaliyyəti bərpa olunan metropolitendə ictimai nəqliyyat üçün müəyyən edilən müvafiq metodiki göstərişlərin tələblərinə uyğun qaydalar tətbiq edilib. Sərnişinlərin metropolitendən maska taxmaqla istifadə etməsinə nəzarət mexanizmləri fəallaşdırılıb. Həmin vaxtdan stansiya girişlərində və yaxud avtomat nəzarət-buraxılış məntəqələrində sərnişinlərin hərarəti selektiv qaydada yoxlanılıb.
Pandemiya dövründə ən vacib məsələlərdən biri də havalandırma ilə bağlı olduğundan bütün güclü ventilyatorların iş qrafikində müvafiq dəyişikliklər edilərək, stansiya və tunellərin daim təmiz hava axını şəraitində olması təmin olunub. Mikroiqlim laboratoriyası bütün obyektlərdə yoxlamaları planlı şəkildə yerinə yetirib. Bu xüsusda havada tozun miqdarı, hərarəti, rütubət və digər mikroiqlim parametrləri mütəmadi olaraq ölçülüb, həmçinin Bakı Metropoliteni stansiyalarının şaxtalarında yerləşən güclü ventilyatorların təsdiq olunmuş qrafikə uyğun işləməsinə nəzarət edilib.