MƏDƏNİYYƏT
CƏFƏR CABBARLININ EV-MUZEYİNİN YUBİLEYİ
Cabbarlının ev- muuzeyində onun yaradılmasının 20 illiyinə həsr edilmiş yığıncaq keçirilmişdir.
Muzeyin baş elmi işçisi Qəmər Seyfəddinqızı yığıncağı açaraq, bu mədəniyyət ocağının fəaliyyəti barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, ötən müddət ərzində muzeydə yazıçıya və onun ailəsinə məxsus 750-dək eksponat toplanmışdır. Onların arasında dramaturqun əsərləri, həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, şəxsi əşyaları xüsusi yer tutur. Böyük yazıçının irsinin araşdırılması, toplanması, qorunub saxlanması və təbliğ olunması sahəsndə muzeyin əməkdaşlarının gördükləri işdən danışan Qəmər xanım bir sıra mühüm tədbirlərin həyata keçirildiyini xatırlatdı.
Belə bir fakt da vurğulandı ki, Bp və “AzEvrotel” şirkətlərinin yardımı ilə Muzey yazıçının əsərlərindən seçmələrin verildiyi “Mənim tanrım gözəllikdir, sevgidir”, habelə “XX əsr Azərbaycan mədəniyyətinin inkişafında Cəfər Cabbarlının rolu” kitablarını nəşr etdirmiş, “Azad bir quşdum” adlı musiqi albomunu buraxdırmışdır.
Filologiya elmləri doktoru Rəhim Əliyev, filologiya elmləri namizədi Asif Rüstəmov və başqaları XX əsr Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, dramaturgiyasının inkişafında Cəfər Cabbarlının misilsiz xidmətlərindən danışmış, yubiley münasibətilə muzeyin əməkdaşlarını təbrik etmişlər.
Xalq artistləri Mikayıl Mirzə və Əlabbas Qədirov C.Cabbarlının şerlərindən parçalar söyləmiş, incəsənət ustaları C.Cabbarlının öz sözlərinə yazdığı mahnıları ifa etmişlər.
Axırda ğənc aktyorlarin ifasında “Solğun çicəklər” pyesindən parçalar göstərilmişdir.