MƏDƏNİYYƏT
Çindao şəhərində Azərbaycanın turizm potensialına dair təqdimat olub
Pekin, 11 iyul, AZƏRTAC
Çinin ən böyük iqtisadi mərkəzlərindən olan Çindao şəhərində Azərbaycanın turizm imkanlarına dair təqdimat keçirilib.
AZƏRTAC xəbər verir ki, “Bir kəmər, bir yol” Əməkdaşlıq Mərkəzində keçirilən təqdimatda Çindao şəhəri və ümumilikdə ölkə üzrə turizm xidmətləri göstərən yerli və xarici 100-ə yaxın şirkətin nümayəndəsi iştirak edib.
Mərkəzin prezidenti Can Lu son illər turizm aləmində Azərbaycanın nüfuzunun və şöhrətinin getdikcə çoxaldığını qeyd edib. O, Çin vətəndaşlarının xaricə turist səfərlərinə böyük maraq göstərdiklərini, Azərbaycanın turizm potensialı ilə çinlilər üçün diqqət çəkən ölkə olduğunu deyib.
Ölkəmizin Çin ilə bütün sahələrdə əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edən Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı bildirib ki, iki ölkə arasında turizm istiqamətində əməkdaşlıq üçün geniş potensial var. Hazırda Bakı ilə Pekin və Urumçi şəhərləri arasında birbaşa hava əlaqəsinin mövcudluğu, Çin vətəndaşları üçün 2016-cı ilin fevralından etibarən sadələşdirilmiş viza rejiminin tətbiqi, habelə “Asan Viza” sisteminin fəaliyyəti çinli turistlərin Azərbaycana səfər imkanlarını genişləndirib.
Diplomat qeyd edib ki, gözəl təbiəti, rəngarəng iqlimi, tarixi və müasir memarlıq nümunələri, təbii müalicəvi yerləri, müasir infrastrukturu, zəngin və dadlı mətbəxi ilə Azərbaycan populyar turizm ölkəsinə çevrilir. Bütün bu amillər əcnəbi turistlərin marağına səbəb olur. Ölkəmizdə turizmin inkişafı qeyri-neft sektorunun prioritet istiqamətlərindən biridir.
Tədbirdə ölkəmizin turizm potensialına və iqtisadi inkişafına, Bakının “EKSPO 2025” Ümumdünya sərgisinə ev sahibliyi üçün namizədliyinə dair videoçarxlar nümayiş etdirilib, Azərbaycana turist səfərlərinin təşkili barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 6 ildə xaricə turizm səfərlərinin sayına görə çinlilər birinci yerdədir. Ötən il 130 milyona yaxın çinli xaricə turist kimi səfər edib. Azərbaycanın turizm potensialının bu ölkədə tanıdılması ölkəmizə səfər edən Çin vətəndaşlarının sayının artması ilə müşahidə olunur
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin