DÜNYA
Çinli kosmonavtlar 6 aydan sonra Yerə qayıdıblar VİDEO
Pekin, 16 aprel, AZƏRTAC
Çinin kosmik stansiyasının quraşdırılmasında iştirak etmiş “Şencou-13” (“Shenzhou-12”) missiyasının kosmonavtları 6 aylıq fəaliyyətdən sonra Yerə qayıdıblar.
AZƏRTAC xəbər verir ki, kosmonavtlar Cay Ciqan (heyətin kapitanı), Van Yapin və Ye Quanfunu gətirən “Şencou-13” kosmik gəmisinin xüsusi kapsulu aprelin 16-da saat 00:44-də “Tiangong” kosmik stansiyasından ayrılıb. Kapsul saat 9:57-də Qobi səhrasındakı “Donfen” eniş meydançasına enib. Həkimlər kosmonavtların sağlamlıq vəziyyətlərinin yaxşı olduğunu açıqlayıblar. Bu, Çinin kosmosda ən uzun müddət qalan insan missiyası olub.
Qeyd edək ki, Çinin kosmos proqramının vacib mərhələsi olan kosmik stansiyanın quraşdırılması üçün ilk insan missiyası (“Şencou-12”) kosmik stansiyada 3 ay qalmışdı. Ötən il oktyabrın 16-da kosmosa göndərilən “Şencou-13” missiyasının kosmonavtları isə 6 aylıq fəaliyyət dövründə kosmik stansiyada kosmonavtların fəaliyyəti və yaşaması, habelə stansiya xaricində əməliyyatların təşkili üçün texniki xidmətlərin yoxlanılması kimi bir çox vəzifələri yerinə yetiriblər. Bu, Çinin orbitə göndərdiyi 8-ci insan missiyası, ölkənin kosmik stansiyasının quraşdırılması üçün isə ikinci insan missiyasıdır. Van Yapin açıq kosmosa çıxan ilk çinli kosmonavt qadın kimi tarixə düşüb. O, ötən il noyabrın 7-də stansiyanın xaricində tapşırıq yerinə yetirib.
Çinin “Tiangong” kosmik stansiyası idarəetmə mərkəzi, heyətin yaşayış yeri və 2 laboratoriya kapsullarından ibarət olacaq. Ümumi çəkisi 70 ton təşkil edəcək və quraşdırılması cari ilin sonunda başa çatacaq stansiya aşağı Yer orbitində, təxminən 340-450 kilometr yüksəklikdə fəaliyyət göstərəcək. Stansiyanın quraşdırılması üçün 11 missiya həyata keçiriləcək ki, bunların üçündə stansiyanın modullarının, dördündə yük gəmilərinin, digər dördündə isə kosmonavtların uçuşu nəzərdə tutulub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin