CƏMİYYƏT
COVID-19-la mübarizə sahəsində Azərbaycanın milli və beynəlxalq səviyyədə həyata keçirdiyi tədbirlər ölkəmizin fəallığını və uğurlu siyasətini nümayiş etdirir
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı ciddi marağa səbəb olub. Prezident çıxışı zamanı fərqli mövzulara toxunub. Xüsusilə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə həm Azərbaycanda, həm də qlobal formatda mübarizə aparılması ilə bağlı maraqlı fikirlər və təkliflər səsləndirib. Prezident, həmçinin Azərbaycanda əhalinin qorunması və sağlamlığının təmin edilməsi üçün görülən tədbirlər barədə məlumat verib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat Prezident İlham Əliyevin BMT-nin Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışı barədə danışıb: “Azərbaycanda bu ilin yanvarından etibarən koronavirus əleyhinə peyvəndləmə prosesinə başlanılıb. Ölkə əhalisinin peyvəndləmə göstəricisi çox yaxşıdır. COVID-19-a məruz qalmış əhalinin və sahibkarların dəstəklənməsi məqsədilə Azərbaycan hökuməti tərəfindən 2.7 milyard dollar həcmində yardım paketinin də təqdim edildiyi bildirilib. Prezident İlham Əliyev ölkədə COVID-19-la mübarizə ilə yanaşı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına birbaşa olaraq 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə vəsaiti verdiyini, həmçinin 30-dan çox ölkəyə maddi və humanitar yardım göstərdiyini deyib. Eyni zamanda, bu il 150 min doza vaksin digər ölkələrə yardım kimi göndərilib.
Vurğulamaq lazımdır ki, Azərbaycan 2020-ci ilin mayında Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin koronavirusla mübarizəyə həsr edilmiş zirvə toplantısını təşkil edib və bu toplantıda Prezident COVID-19-la mübarizədə birlik nümayiş etdirmək üçün BMT-nin Baş Assambleyasına xüsusi müraciət edib. Təşəbbüs BMT-ə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci ilin dekabrın 3-4-də xüsusi sessiya keçirilib. Prezident İlham Əliyev bu sessiyanın baş tutmasına dəstəklərini əsirgəmədiyinə görə BMT-nin Baş katibi Antonio Quterreşə təşəkkürünü bildirib”.
N.Həmzəyev Prezidentin “peyvənd millətçiliyinə” son qoyulması barədə çağırışına münasibət bildirib: “Peyvəndlərin dövlətlər arasında paylanılmasında müəyyən problemlər yaşanır. Azərbaycan zəngin dövlətlərin öz ehtiyaclarından artıq peyvənd alması ilə bağlı narazılığını dəfələrlə bildirib. Sessiyadakı çıxışı zamanı da Prezident bir daha vurğulayıb ki, “peyvənd millətçiliyinə” qarşı bütün dövlətlər birgə mübarizə aparmalıdır. Bu, kasıb dövlətlərin peyvəndlərlə təminatı üçün çox vacibdir. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 75 faizindən çoxu 10 zəngin ölkə tərəfindən alınıb, kasıb ölkələrdə isə həmin göstərici 2 faizdir. Bu, çox ciddi problemdir və məsələnin həlli üçün Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri olaraq BMT-nin İnsan Hüquqları Şurasına qətnamə qəbul edilməsi ilə bağlı müraciət edildiyini bildirdi. Cari sessiyada bu mövzunun aktuallığını nəzərə alaraq belə bir qətnamə layihəsinin irəli sürülməsinin planlaşdırıldığını vurğulayıb. Prezident İlham Əliyev, həmçinin təklif edib ki, koronavirus pandemiyasından sonra qlobal bərpa üçün BMT tərəfindən yüksək səviyyəli panelin yaradılmasına ciddi ehtiyac var. Bu təklifin də reallaşacağına ümid edirik”.