MƏDƏNİYYƏT
Cəfər Cabbarlının 120 illik yubileyi silsilə tədbirlərlə qeyd ediləcək
Bakı, 3 aprel, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində böyük ədib və dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Mirzə Şəfi Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanası və 4 kitabxana filialı bununla əlaqədar bir sıra tədbirlərin keçirilməsini planlaşdırıb. Bunlara ədəbi-bədii gecələrin, inşa və şeir müsabiqələrinin, dəyirmi masa və “məlumat saat”larının təşkili, səyyar kitab sərgilərinin və “ucadan oxu”ların keçirilməsi, interaktiv plakatın, iki dildə videoçarxın hazırlanması və digər tədbirlər daxildir. Həmçinin Cəfər Cabbarlının Xızıdakı ev-muzeyinə virtual ekskursiyanın təşkil olunması da nəzərdə tutulub.
Kitabxanaçılar oxucularla birgə şairin abidəsi önündə də bir neçə tədbir təşkil edəcəklər.
İl ərzində 60 tədbirin keçirilməsi planlaşdırılır.