REGİONLAR
Cəlilabadda şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub
Cəlilabad, 19 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Cəlilabad Rayon Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığından danışaraq bildirib ki, güclü Azərbaycan Ordusu, rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmrlərini yerinə yetirərək Azərbaycanın şanlı tarixini yazdılar. Qələbənin qazanılmasında şəhidlərimizə, qazilərimizə və ümumilikdə Azərbaycan Ordusuna borcluyuq.
Tədbirdə şəhid ailələrinin üzvlərinə, qazilərə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə verilən medallar təqdim olunub.
Şəhid ailələri və qazilər onlara göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.