DÜNYA
Cənubi Koreyanın ixracı 8,2 faiz azalıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Asiyada üçüncü böyük iqtisadiyyatına sahib olan Cənubi Koreyanın ixracı sentyabrda ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz azalıb.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, ötən ay Cənubi Koreya xaricə 50,58 milyard ABŞ dolları dəyərində məhsul satıb. Sentyabrda Cənubi Koreyanın idxalı 2,1 faiz azalaraq, 40,83 milyard dollar səviyyəsinə düşüb. Xarici ticarətdə müsbət saldo ardıcıl 80-ci aydır davam edir.
Cənubi Koreyanın Ticarət, Sənaye və Enerji Nazirliyinin məlumatına əsasən, ixracdakı geriləmənin əsas səbəblərindən biri xaricə gəmi (55,5 faiz), avtomobil (22,4 faiz) və televizorlar üçün ekran (12,1 faiz) satışının azalmasıdır. Ümumi ixrac azalsa da, bəzi məhsulların, xüsusən yarımkeçirici ixracı rekord səviyyədə - 28,3 faiz artıb.
Ticarət, sənaye və enerji naziri Kim Hyun-çonq oktyabrdan sonra ixracın 5 faiz həddində artacağına və illik ixracın ölkə tarixində ilk dəfə olaraq 600 milyard dollar səviyyəsinə çatacağına əmindir.