ELM VƏ TƏHSİL


Coğrafiya İnstitutunun əməkdaşları “Horizon-2020” proqramı çərçivəsində keçirilən görüşdə çıxış ediblər

Bakı, 20 may, AZƏRTAC

AMEA akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşları, baş direktor, coğrafiya elmləri doktoru, dosent Zakir Eminov, coğrafiya üzrə fəlsəfə doktorları Rövşən Kərimov və Natəvan Cəfərova İtaliyanın Milan şəhərində ezamiyyətdə olublar.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Azərbaycan təmsilçiləri Coğrafiya İnstitutunun icra etdiyi, Avropa Komissiyasının “Horizon-2020” Tədqiqat və İnnovasiya Proqramı çərçivəsində maliyyələşdirilən “Miqrant fəaliyyətlərinə dair tarix və arxiv materiallarının əlaqələndirilməsi: Avropa və Aralıq dənizi regionu üzrə qarışıq təsvirlər” adlı layihənin birinci konsorsium görüşündə iştirak ediblər.

“COVID-19 pandemiyası dövründə miqrantların mediada təmsil olunması və özünüifadəsi” mövzusunda keçirilmiş beynəlxalq tədbirdə müxtəlif ölkələrin universitetlərindən və qurumlarından olan alim və mütəxəssislər iştirak ediblər.

Coğrafiya İnstitutunun əməkdaşları müasir dövrdə çox aktual olan miqrasiya və miqrantlar problemlərinə dair fikir mübadiləsi aparib, layihə çərçivəsində qarşıya qoyulan vəzifələrin icrası üçün gələcək fəaliyyətləri müzakirə ediblər.

Zakir Eminov və Natəvan Cəfərova çıxışlarında miqrasiya proseslərində müşahidə olunan son tendensiyalar, miqrasiya marşrutlarının xəritələşdirilməsi məsələsini xüsusi olaraq vurğulayıblar.

Layihə icraçıları təmsil etdikləri ölkələrdə COVID-19 pandemiyası dövründə miqrasiya axınları üzrə müşahidə olunmuş dəyişikliklərə, miqrantların əlaqədar çətinliklərinə, qeyd olunan məsələlərin mediada işıqlandırılmasına dair yerli və milli səviyyələrdə keçirilmiş seminarların nəticələri barədə məlumat veriblər.

Coğrafiya İnstitutunun layihə üzrə əlaqələndiricisi, aparıcı elmi işçi coğrafıya üzrə fəlsəfə doktoru Rövşən Kərimov “Azərbaycanda COVID-19 pandemiyası dövründə miqrantların problemləri” mövzusunda təqdimatla çıxış edib. O, pandemiya şəraitində beynəlxalq və ölkədaxili miqrasiyanın xüsusiyyətləri, o cümlədən pandemiyanın qonşu ölkələrdə çalışan azərbaycanlıların dolanışığına təsiri, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı ilə məşğul olan ölkə vətəndaşlarının Rusiya bazarlarına çıxışı, koronavirus səbəbindən xarici ölkələrdəki yaxın qohumlarını itirmiş azərbaycanlıların problemləri, təhsilə çıxış və miqrasiya arasında əlaqə məsələlərindən danışılıb. Təqdimatda, həmçinin Azərbaycandakı əcnəbi tələbələrin öz ölkələrinə dönərək təhsillərini onlayn davam etdirməsi, sərnişin daşınması xidmətləri ilə bağlı yaranmış müvəqqəti çətinliklərin ölkədaxili miqrasiyalara təsiri, miqrantların virusa yoluxma riskinə münasibətləri və davranışları, yaranmış vəziyyətdə miqrantlara texniki yardımın göstərilməsi kimi məsələlər yer alıb.

Daha sonra mütəxəssislər tərəfindən miqrasiya fenomeninə yeni baxışlar ifadə olunub, tədbirə dəvət olunmuş miqrantlara söz verilib. Beynəlxalq tədbir layihə icraçılarının gələcək fəaliyyətlərinin müzakirəsi ilə sona yetib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.