İDMAN
Covanni Quidetti: Əminəm ki, Azərbaycan voleybol üzrə Avropa çempionatını da yüksək səviyyədə keçirəcək
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan bu yarışın təşkilində də yüksək səviyyə nümayiş etdirəcək. Bu sözləri voleybol üzrə qadınlardan ibarət Türkiyə yığmasının baş məşqçisi Covanni Quidetti sentyabrın 21-də jurnalistlərə söyləyib.
O deyib: “Azərbaycanın təşkil etdiyi hər bir yarış mükəmməl keçir. Düşünürəm ki, bu dəfə də belə olacaq. Arena çox gözəldir. Ümidvaram ki, zal ağzınacan azarkeşlərlə dolu olacaq. Özü də təkcə Azərbaycan yığmasının matçlarında deyil, qalan oyunlarda da”.
Rəqabətin yüksək olduğunu vurğulayan C.Quidetti Azərbaycan voleybolçularına öz qrupunda birinci yeri tutmağı arzu edərək deyib: “Bizim qrupumuzda 3 güclü komanda (Rusiya, Türkiyə və Bolqarıstan) var. Hər hansı nəticəni qabaqcadan proqnozlaşdırmaq çox çətindir. Bizim qrupun qalibləri Azərbaycanın oynadığı qrupdan pley-off mərhələsinə keçən komandalar ilə qarşılaşacaqlar. İnanıram ki, sizin voleybolçularınız öz qruplarında birinci yeri tutacaqlar. Amma unutmaq lazım deyil ki, Polşa və Almaniya yığmaları da çox güclü komandalardır”.
C.Quidetti yarışların favoritləri ilə bağlı məsələyə toxunaraq qeyd edib ki, bu il onların sayı az deyil. “Adlarını sadaladığım komandalardan başqa, zənnimcə, Hollandiya yığması da hazırda yaxşı vəziyyətdədir. İtaliya və Serbiyanı da qeyd etməyə dəyər. Düşünürəm ki, Bolqarıstan, Türkiyə, Rusiya və Azərbaycan yığmaları arasından iki komanda yarımfinal mərhələsinə keçəcək, keçə bilməyənlər isə son dərəcə məyus olacaqlar. Əminəm ki, bizi çox maraqlı matçlar gözləyir”, - deyə Türkiyə yığmasının baş məşqçisi fikrini tamamlayıb.
Azərbaycanın Gürcüstanla birlikdə təşkil etdiyi Avropa çempionatı sentyabrın 22-də start götürür. Turnir 10 gün davam edəcək. Onun qalibi oktyabrın 1-də müəyyən olunacaq.