MƏDƏNİYYƏT
DAŞKƏNDDƏ NİZAMİ GƏNCƏVİNİN ABİDƏSİ QOYULACAQDIR
Daşkənd şəhər hakimiyyətinin qərarı ilə Özbəkistan paytaxtında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldılacaqdır. Azərbaycanın Özbəkistandakı səfirliyinin humanitar məsələlər üzrə katibi Elxan Zeynalov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Daşkənd Dövlət Pedaqoji Universiteti 1945-ci ildən böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. Heykəl məhz bu təhsil ocağının əsas binasının qarşısında qoyulacaqdır. Hazırda bu meydanda abadlıq işləri aparılır. Özbəkistan tərəfi abidənin qoyulması ilə bağlı bütün xərcləri öz üzərinə götürmüşdür.
Bu təhsil ocağında Nizami Gəncəvinin həyat və fəaliyyəti ilə bağlı dissertasiyalar yazılmış, elmi-tədqiqat işləri aparılmışdır. Özbəkistanda Nizami Gəncəvi ilə yanaşı, Füzulini, Nəsimini və digər klassik Azərbaycan şairlərini hədsiz dərəcədə sevirlər. Bu şairlərin qəzəlləri üstündə oxunan muğamlar ölkədə çox məşhurdur.