SİYASƏT
DAXİLİ İŞLƏR NAZİRLİYİ MƏTBUAT XİDMƏTİNİN MƏLUMATI
Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 15-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Faiz Məhəmməd Xosonu qəbul etmişdir.
Pakistanlı diplomata cinayətkarlıqla mübarizə və ictimai asayişin qorunması sahəsində görülən tədbirlər barədə məlumat verən daxili işlər naziri müstəqilliyimizin ilk illərində bir tərəfdən erməni təcavüzünün, digər tərəfdən ayrı-ayrı siyasi partiyaların silah gücünə qeyri-konstitusion yolla hakimiyyətə gəlmək cəhdlərinin kriminogen duruma təsirindən söhbət açmış, o illərdə faktiki olaraq, hüquq-mühafizə orqanlarının proseslərə nəzarət edə bilmədiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, dövlət müstəqilliyinin itirilməsi təhlükəsi, vətəndaş müharibəsi ilə üz-üzə dayandığı bir vaxtda xalqın təkidli tələbi ilə əvvəllər uzun illər Azərbaycana rəhbərlik etmiş dünya şöhrətli siyasətçi və tanınmış dövlət xadimi cənab Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması, gördüyü tədbirlər, apardığı uğurlu siyasət cəmiyyət həyatının bütün sahələrində müsbət dəyişikliklər və bugünkü real gerçəkliklə nəticələnmişdir.
1995-ci ildən başlayaraq, ilbəil cinayətlər azaılmış, törədilən cinayətlərin açılma faizi yaxşılaşmışdır. Bu gün Azərbaycan MDB məkanında ən az cinayət törədilən və ən sabit ölkələrdən biridir, vətəndaşlarının, eləcə də xarici iş adamlarının rahat və asudə yaşayıb-işlədikləri demokratik dövlətdir.
General-polkovnik Ramil Usubov respublikamızda kriminogen durumun tam nəzarət altında olduğunu bildirmişdir.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin beynəlxalq əlaqələrindən bəhs edən nazir dost və qardaş Pakistanla da əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətini və zəruriliyini qeyd etmiş, ölkəmizin haqq işini daim müdafiə etdiklərinə görə minnətdarlığını bildirmişdir.
Pakistan İslam Respublikasının fövqəladə və səlahiyyətli səfiri cənab Faiz Məhəmməd Xoso səmimi qəbula görə təşəkkür etmiş, dünya şöhrətli siyasi xadim cənab Heydər Əliyevin gənc, müstəqil dövlət olan Azərbaycanı nəinki böhrandan çıxardığını, inkişafda, çiçəklənməkdə olan bir ölkəyə çevirdiyini təsdiqləmişdir. Pakistanlı diplomat öz ölkəsinin Azərbaycanla əlaqələri daha da möhkəmləndirməkdə həmişə maraqlı olduğunu, bu əməkdaşlığın perspektivinə böyük nikbinliklə baxdığını, xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha gözəl nəticələr verəcəyinə əminliyini nəzərə çarpdırmışdır.