ELM VƏ TƏHSİL
DİM: Aprelin 22-23-də keçirilmiş buraxılış imtahanlarının nəticələri bayramdan sonrakı həftə elan olunacaq
Bakı, 3 may, AZƏRTAC
Aprelin 22-23-də keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının materialları “skan” olunub.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, bu gündən etibarən etalonların hazırlanmasına və meyarların təkmilləşdirilməsi prosesinə start verilib. Bayramdan sonrakı həftə ərzində işlər yekunlaşmış olacaq və nəticələr elan olunacaq.
Qeyd edək ki, aprelin 29-30-da keçirilmiş imtahanların materialları (yazı işləri ) isə “skan” olunma mərhələsindədir.
Hər imtahan nəticəsi elan olunduqdan sonra apellyasiya komissiyasına onlayn müraciət etmək üçün tarixlər də göstəriləcək. Apellyasiya prosesi isə bütün istiqamətlər üzrə imtahan nəticələri elan edildikdən sonra təşkil olunacaq.
Xatırladaq ki, imtahanda yazılı cavab tələb edən tapşırıqların yoxlanılması müxtəlif mərhələlərdən keçir və uzun müddət tələb edir. İlk növbədə, şagirdlərin yazı işləri “skan” edilir və şifrələnir. Daha sonra qiymətləndirmə meyarları təkmilləşdirilir və markerlərin kalibrləmə prosesində iştirakı üçün etalon işlər seçilir. Bundan sonra markerlər tərəfindən yazı işlərinin yoxlanılması və qiymətləndirilməsinə başlanılır. Növbəti mərhələdə isə balların hesablanması və nəticələrin DİM-in saytında yerləşdirilməsi həyata keçirilir.