CƏMİYYƏT
DYP: Daimi qeydiyyatda olduğu rayonlara SMS icazəsi ilə getmək istəyənlər postlardan buraxılmayacaqlar
Bakı, 22 iyun, AZƏRTAC
Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il iyunun 21-i saat 00:00-dan iyulun 5-i saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədar fəaliyyətinə icazə verilmiş qurum və təşkilatlarda işləyən bəzi şəxslərin xidməti vəsiqə, bəzilərinin “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatları, digər şəxslərin isə SMS məlumat əsasında ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank və ya poçt xidmətlərindən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün gündə bir dəfə olmaqla iki saat müddətinə icazə verilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ötən gün ərzində aparılan müşahidələr yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS məlumat vasitəsilə iki saat müddətinə icazə almış bəzi rayon qeydiyyatlı şəxslərin icazəni təyinatı üzrə deyil, sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən ərazilərə getmək üçün aldıqlarını göstərir.
Göstərilənləri nəzərə alaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda yaşayan, lakin respublikanın ayrı-ayrı rayon və şəhərlərində daimi qeydiyyatda olan hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, infeksiyaya yoluxmanın yayılma sürətini nəzərə alaraq, SMS vasitəsilə icazə alıb daimi qeydiyyatda olduğu rayonlara getmək istəyən şəxslər həmin inzibati ərazilərin sərhədlərindəki avtomobil yollarında yerləşən karantin postlarından buraxılmayacaqlar.
Həmin şəxslərdən xahiş olunur ki, karantin postlarının paytaxtdan 50-60 kilometrlik məsafədə yerləşməsini nəzərə alaraq, qeyd olunan istiqamətlərə getməklə əlavə əziyyət çəkməsinlər, eləcə də ölkədə tətbiq edilmiş epidemiya əleyhinə və karantin rejimlərinin pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmək üçün digər yollardan istifadə etməklə karantin ərazilərini keçməyə cəhd göstərməsinlər.