SİYASƏT
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin son durumu müzakirə edilib
Bakı, 5 dekabr, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Bazel şəhərində Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Cənubi Qafqaz regionunda baş verən hadisələr, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin son durumu müzakirə edilib. Həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçirilmiş son görüşündən sonra Ermənistan silahlı qüvvələrinin çoxlu sayda şəxsi heyət və texnikanın iştirakı ilə işğal olunmuş Azərbaycan ərazilərində keçirdiyi təxribat xarakterli hərbi təlimlərlə bağlı fikir mübadiləsi aparılıb. Bu kimi addımların təxribatçı məqsədlər güddüyü, münaqişənin həllinə kömək etmədiyi və son dövrlər problemin həlli istiqamətində əldə olunmuş müsbət meyillərə mənfi təsir göstərdiyi bildirilib.
Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirən nazir Elmar Məmmədyarov təşkilata üzv olan bir sıra ölkələrlə Azərbaycanın münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu qeyd edib. Nazir Avropa İttifaqı ilə də əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasının önəmini vurğulayıb.