İQTİSADİYYAT


Daşınmaz əmlakla bağlı bütün müraciətlərin operativ ünvanı: 193 Çağrı Mərkəzi

Bakı, 5 iyul, AZƏRTAC

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) səlahiyyətlərinə uyğun keyfiyyətli xidmətlər göstərməsi ilə yanaşı, vətəndaş məmnunluğunu təmin etməyi fəaliyyətində əsas məqsəd hesab edir. Daşınmaz əmlak prosedurları ilə bağlı bütün müraciət və sorğuların cavablandırılması, vətəndaşlara hüquqi yardımların göstərilməsi tam funksional 193 Çağrı Mərkəzi tərəfindən həyata keçirilir. Əmlakın özəlləşdirilməsi, icarəsi və istifadəsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, torpaqların kadastr uçotu və digər məsələlərlə bağlı suallar mərkəzin mütəxəssisləri tərəfindən operativ formada cavablandırılır.

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin 6 ayı ərzində 193 Çağrı Mərkəzinə əksəriyyəti sorğu tipli olmaqla ümumilikdə 7132 müraciət daxil olub. Bunlardan 6,2 mindən yuxarı sorğu tipli müraciət dərhal cavablandırılıb, 600-ə yaxın müraciətin isə araşdırılması barədə vətəndaşa məlumat verilib. Qeyd edək ki, bu müddət ərzində ən çox müraciət may ayında qeydə alınıb. Çağrı Mərkəzinə daxil olan müraciətlərin regionlar üzrə dinamikasına nəzər salsaq yarım il ərzində zənglərin 79 faizi paytaxt Bakıdan, qalanları isə bölgələrdən daxil olub. Bu nəticəyə uyğun olaraq komitənin fəaliyyəti ilə bağlı regionlarda məlumatlandırma tədbirlərinin keçirilməsi sakinlərin göstərilən xidmətlərə marağını artırmağa yönəlib.

Yanvar-iyun aylarında Çağrı Mərkəzinə hər ay orta hesabla 1,2 minə yaxın müraciət daxil olub. Daşınmaz əmlak üzərindən çıxarışların və arayışların alınması, dövlət rüsumu və xidmət haqqının öyrənilməsi, müraciətin icrasının yoxlanılması, özəlləşmə mövzuları ilə bağlı daxil olan müraciətlər üstünlük təşkil edib. Daşınmaz əmlaka çıxarışın verilməsi və özəlləşmə ilə bağlı müraciətlərin çoxluğu çıxarışların sadələşdirilmiş formada təminatı və innovativ hərrac prosedurlarının tətbiqi ilə əlaqəlidir.

Çağrı Mərkəzinə edilən müraciətlərdən araşdırma tələb edən məsələlər əsasən, daşınmaz əmlak üzərindən çıxarış alarkən icranın dayandırılması və sənədlər, dövlət rüsumu və xidmət haqqı, torpaq sahəsinin kadastr problemi kimi mövzuları əhatə edib. Qeyd edək ki, bu kateqoriyadan olan müraciətlərin 57 faizi paytaxtdan daxil olub. Araşdırılması tələb olunan məsələlər həll olunması üçün komitənin müvafiq struktur bölmələrinə yönəldilib.

Yeni texnoloji imkanlardan istifadə edərək fəaliyyət göstərən Çağrı Mərkəzi daxil olan müraciətləri cavablandırmaqla bərabər, vətəndaşlar tərəfindən müxtəlif xidmətlərlə bağlı təklifləri də qəbul edir. Bu təkliflər komitə tərəfindən göstərilən xidmətlərin keyfiyyətlərinin daha da artırılmasına şərait yaradır.

Çağrı mərkəzi canlı və səsli menyu rejimində olmaqla fasiləsiz fəaliyyət göstərir. Canlı rejim həftənin iş günləri saat 09:00-dan 18:00-dək həyata keçirilir. Səsli menyu rejimi isə iş vaxtından sonrakı vaxtlarda, həftənin qeyri-iş günləri və bayram günlərində fəaliyyət göstərir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.