ELM VƏ TƏHSİL
Dəmirçi Arxeologiya Muzeyi yeni materiallarla zənginləşdiriləcək
Bakı, 3 sentyabr, AZƏRTAC
Şamaxı rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun təşkilatçılığı ilə inşa olunan Dəmirçi Arxeologiya Muzeyinin ekspozisiyası yeni arxeoloji materiallarla zənginləşdiriləcək.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun numizmatika və epiqrafika şöbəsinin müdiri, Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyevin sözlərinə görə, muzey müasir dünya standartlarına uyğun inşa edilib. Azərbaycanın ilk arxeoloji muzeyinin nəzdində arxeoloji fond, kameral elmi tədqiqatlar və bərpa işləri üçün nəzərdə tutulmuş xüsusi otaqlar var.
Diqqətə çatdırılıb ki, muzey iki ekspozisiya zalından ibarətdir. Birinci zalda Şamaxı-Ağsu arxeoloji ekspedisiyasının 2016-2018-ci illərdə Dəmirçi nekropolunda apardığı tədqiqatlar zamanı aşkara çıxarılmış, son antik və ilk orta əsrlər dövrünə aid daş qutu və küp qəbirlərdən ibarət ekspozisiya sərgilənir. İkinci zalda isə Şamaxı və ətraf ərazilərdə aşkarlanmış, qədim dövrlərdən orta əsrlərin sonuna aid dövrlərin maddi-mədəniyyət nümunələri təqdim olunur.