ELM VƏ TƏHSİL
Dendrologiya İnstitutunun əməkdaşları ekspedisiyada olublar
Bakı, 3 may, AZƏRTAC
AMEA Dendrologiya İnstitutunun Sistematika laboratoriyasının əməkdaşları Türkan, Hovsan, Pirallahı və Zirə ərazilərində ekspedisiyada olublar.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Sistematika laboratoriyasının əməkdaşları tərəfindən ardıcıl olaraq çöl tədqiqatları, fenoloji müşahidələr, ekspedisiyalar əsasında ərazinin florası (mədəni, yabanı) və bitki aləmi ətraflı tədqiq olunur. 2021-ci tədqiqat ilində 5 ekspedisiya - Abşeron Milli Parkının ərazisində, Yeni Yasamalda, VI mikrorayon ərazisində, Pirallahı adası - Zirə, Türkan - Hovsan ərazilərində aparılıb. Bununla yanaşı, Dendrologiya İnstitutunun ərazisində mütəmadi aparılan tədqiqat nəticəsində 1700-dən artıq bitki nümunəsi toplanıb və 2000-ə yaxın fotoşəkil çəkilib. Təkcə sonuncu ekspedisiyada maraq doğuran 90 növ bitki nümunəsi toplanıb, 300-dək fotoşəkil çəkilib. Toplanmış zəngin bitki nümunələri, elmi məlumatlar, vaxtilə unudulmuş bitkilərin axtarılıb tapılması “Abşeronun bitkiliyi”, “Abşeronun florası” fundamental əsərlərinin, dəyərli elmi məqalələrin yazılmasına, faydalı bitkilərin səmərəli istifadəsinə imkan verəcək.
Hazırda Abşeron ərazisindən toplanılan bitki növləri qurudulur, çeşidlənir, təyin edilir, fitosenoloji və faydalı xüsusiyyətləri təsvir olunur. Çöl tədqiqatlarında aparılmış fenoloji müşahidələr əsasında bəzi nadir endemik, relikt, itmək təhlükəsi altında olan növlər dəqiqləşdirilərək, onların beynəlxalq kateqoriya və meyarlara uyğun qorunma statusları müəyyənləşdirilir. Nəticələrə istinad olunaraq hesabatlar, məqalə və kitablar yazılır.