SİYASƏT
Deputat: Azərbaycan-Rusiya əlaqələrinin inkişafında yeni səhifə açılıb
Bakı, 26 iyul, AZƏRTAC
Azərbaycanın xarici siyasət kursunda yaxın qonşumuz, ölkəmizin bir neçə əsrlik tarixlə bağlı olduğu Rusiya ilə münasibətlərdə əldə edilmiş nəticələr son dərəcə əhəmiyyətlidir. Gələn il diplomatik münasibətlərinin yaradılmasının 30 illiyinin qeyd olunacağı bir dövrdə Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələri əhatə edən müqavilələr və sazişlər imzalanıb. Bu münasibətlər bu gün yeni müstəvidə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mütəmadi olaraq keçirdiyi görüşlər, ikitərəfli və beynəlxalq gündəmdə olan əsas mövzularla bağlı müzakirələr bu əlaqələrin genişlənməsinə səbəb olub.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin görüş zamanı mövcud iqtisadi-siyasi əlaqələri müzakirə edərək, perspektivlər barədə fikir mübadiləsi apardılar. Prezident İlham Əliyevin də vurğuladığı kimi, iki ölkə arasındakı iqtisadi əlaqələr çox inamla yüksəlir. İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Eyni zamanda, nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlıq fəal surətdə genişləndirilir. Şimal-Cənub nəqliyyat dəhlizi üzrə ötən illə müqayisədə təqribən 20 faiz çox yük daşınıb.
“Rusiyanın Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində işlədiyini deyən V.Putin qeyd etdi ki, ən mühüm məsələlərdən biri regionda vəziyyətin nizamlanmasıdır və bu prosesdə Prezident İlham Əliyevin mühüm addımları nəticəsində kompromisli qərarlar tapılır. Məhz bu addımlara görə Rusiyanın dövlət başçısı Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Dövlətimizin başçısı isə öz növbəsində regionda münaqişədən sonrakı vəziyyətə aydınlıq gətirdi. Ümumiyyətlə, son illərdə rəsmi Moskvanın Cənubi Qafqazın ən aparıcı ölkəsi olan Azərbaycana münasibətində etimad və inam daha da möhkəmlənib”, - deyən deputat bildirib ki, dövlət başçılarının görüşündə də vurğulandığı kimi, bu günümüzün əsas məsələsi regionda münaqişədən sonrakı vəziyyətdir.
Moskva görüşündə bir daha bəyan edildi ki, Azərbaycan münaqişədən sonrakı dövrü gərginlik olmadan, maksimum sakit şəraitdə keçməsi əzmindədir. Eyni zamanda, hər iki ölkə başçısı 2020-ci il 10 noyabr tarixli Birgə Bəyanatda nəzərdə tutulmuş məsələlərin icrası ilə bağlı vahid mövqe nümayiş etdirir, bu razılaşmanın, həmçinin bütün kommunikasiyaların, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat dəhlizinin açılmasını vacib sayır. Belə bir şəraitdə Ermənistan tərəfindən Zəngəzur dəhlizinin yaradılması ilə bağlı məsələlərin reallaşdırılmasına süni əngəl törətmək cəhdi yolverilməzdir.
A.Məmmədov bildirib ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları Birgə Bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada qalmış Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açacaq. Əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış sənədlər arasında ən mühüm element hesab edilir və bu, Ermənistan da daxil olmaqla, regionun bütün ölkələrinin maraqlarına xidmət edir.