İQTİSADİYYAT
Deputat: Büdcəyə gəlirlərin artması qarşıya qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsinə imkan verir
Bakı, 21 iyun, AZƏRTAC
2022-ci ilin beş ayı üzrə dövlət və icmal büdcələrinin gəlir və xərclərində müşahidə olan fərq büdcəyə yenidən baxmağa şərait yaradıb. Büdcəyə gəlirlərin artması, artan maliyyə vəsaiti qarşıya qoyulan vəzifə və tapşırıqların yerinə yetirilməsinə imkan verir.
2020-ci ildə döyüş meydanında Zəfər qazandıqdan sonra qarşıya yeni çağırışlar və vəzifələr qoyulub. Bu vəzifələrdən biri də Qarabağda, Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinin başa çatdırılması, sakinlərin öz doğma yurd-yuvalarına qayıtmalarının təmin olunmasıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.
Deputat bildirib ki, dövlətimizin yürütdüyü məqsədyönlü siyasət nəticəsində işğaldan azad edilmiş ərazilərdə cəmi 2 il ərzində kifayət qədər infrastruktur layihələri həyata keçirilib, xeyli işlər görülüb.
“Biz dörd aydan sonra Zəfərimizin ikinci ilini qeyd edəcəyik. Büdcəyə daxil olan gəlirlərin bir hissəsi təbii ki, işğaldan azad edilmiş ərazilərdə insanlar üçün əlverişli imkan və şəraitin yaradılmasına yönəldiləcək. Bu, insanların tezliklə öz evlərinə qayıtmasına imkan verəcək. Digər vacib məsələ isə müdafiə və təhlükəsizliklə bağlıdır. Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi mühüm məsələlərdən biridir. Müharibədən sonra təmizlənmiş sərhədlər möhkəmləndirilməlidir.
Ölkəmizdə ən vacib məsələlərdən biri də əhalinin sosial müdafiəsinin gücləndirilməsidir. Xüsusi ilə də həssas təbəqənin sosial müdafiəsinin təmin edilməsi dövlətin diqqət mərkəzində saxlanılır. Azərbaycan dünyada nadir ölkələrdəndir ki, müharibədən tez bir zamanda çıxmaqla, onun vurduğu yaraları sağaltmaqla məşğuldur. Bu istiqamətdə ciddi tədbirlər görülür. İstər şəhid ailələri, istərsə də qazilər hər cür qayğı ilə əhatə olunublar. Dövlətimiz onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, evlərin, avtomobillərin verilməsi üçün bütün imkanlardan istifadə edir. Təbii ki, bütün bunlar ciddi maliyyə vəsaiti tələb edir”, - deyə Mahir Abbaszadə qeyd edib.
Deputat vurğulayıb ki, həssas təbəqədən olan insanlar Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən daim diqqətdə saxlanılır.
Ərzaq təhlükəsizliyi məsələsinin dünyada ciddi problemlərdən olduğunu vurğulayan Mahir Abbaszadə ölkəmizdə bu istiqamətdə qabaqlayıcı tədbirlərin görüldüyünü qeyd edib.