CƏMİYYƏT
Deputat: Prezident İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin reallaşdığının şahidiyik
Bakı, 31 dekabr, AZƏRTAC
Hələ sovet hakimiyyəti illərində ulu öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün strateji əhəmiyyətini və mədəni irsinin qorunub saxlanılmasının önəmini vurğulayırdı. Ümummilli lider Şuşaya Azərbaycanın rəmzi, dəyəri kimi yanaşırdı. Eyni zamanda, Şuşanı qəhrəmanlıq tariximizin daşıyıcısı kimi görürdü. Ona görə də ulu öndər Heydər Əliyev 1970-ci ilin ikinci yarısında Şuşa şəhərinin inkişafı istiqamətində bir neçə mühüm qərar qəbul etmişdi. Qərarların qəbulundan dərhal sonra Şuşada tarixi abidələr, mədəniyyət mərkəzləri bərpa olundu, yaşayış evləri, binalar yenidən quruldu və ya tikildi. Həmçinin Şuşa turizm bir yerə çevrildi. Bütün bu qərarların qəbul olunmasının böyük tarixi əhəmiyyəti var. Çünki Şuşaya gələn turistlər şəhərin tarixi abidələrini ziyarət edirdilər. Həmçinin şəhərin mədəniyyət və incəsənəti ilə yaxından tanış olurdular. Bununla yanaşı, Ulu Öndər görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin məzarı üstündə abidə və məqbərənin tikilməsi üçün göstəriş də vermiş, açılışında da iştirak etmişdi. Qarabağsız Şuşa, Şuşasız da Qarabağın olmadığını vurğulayan ulu öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə şəhərin əsl sahibinə qayıdacağını deyirdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nurlan Həsənov deyib.
Deputat bildirib ki, Şuşanın işğaldan azad olunduğu gün Prezident İlham Əliyevin xalqa müraciəti gələcəyə ünvanlanan mesaj idi. Biz bu gün “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözlərinin reallaşdığının şahidiyik. Belə ki, Şuşa işğaldan azad olunmasından dərhal sonra şəhərdə təmir-tikinti, bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Otuz ilə yaxın müddətdə ermənilərin işğalı altında qalan Şuşa şəhəri dağıntılarla üzləşdi. Buna baxmayaraq, Azərbaycan ermənilərdən fərqli olaraq, öz doğma şəhərini dirçəltməyə başladılar. Demək, Ermənistan rəhbərliyi Şuşanın onlara aid olmadığını, özlərinin işğalçı və talançı bir dövlət olduğunu bildiyi üçün şəhərdə öz gələcəklərini görməyiblər. Şuşa işğaldan azad edildikdən dərhal sonra dövlətimiz infrastruktur layihələrinin icrasına başladı. Şəhərdə erməni vandalları tərəfində dağıdılmış və ya ziyan görmüş tarixi, mədəniyyət abidələrimizi bərpa etdi. Dünyaşöhrətli bəstəkar, görkəmli musiqişünas alim Üzeyir Hacıbəylinin, görkəmli şairə Xurşidbanu Natavanın büstləri əvvəlki yerlərinə qaytarıldı, opera müğənnisi, mahir təsnif ifaçısı Bülbülün ev-muzeyi bərpa edilərək qapılarını ziyarətçilərə açdı. Paralel olaraq, görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi bərpa olundu. Şuşada işğaldan əvvəl keçirilən Vaqif Poeziya Günləri yenidən təşkil olundu. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva da Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər. Həmçinin Şuşada Qarabağın, Qələbəmizin rəmzi olan “Xarıbülbül” musiqi festivalı keçirildi. Şuşada təşkil olunan tədbirlər, musiqi festivalları xalqımızın birliyini, bərabərliyini nümayiş etdirməklə yanaşı, ölkəmizdə yaşayan millətlərə verilən dəyərin təcəssümüdür.
Nurlan Həsənov əlavə edib ki, Prezident İlham Əliyevin bu il yanvarın 5-də 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalaması ölkəmizin həyatında baş verən tarixi hadisələrdən biridir. İşğaldan azad olunduğu andan bu günə qədər Şuşanın bərpası tam sürətlə davam etdirilir. Zəfər yolunun tikintisi başa çatıb və indiyədək Şuşada bir çox mədəniyyət tədbirləri keçirilib. 2022-ci ildə isə bu proses daha da sürətlənəcək. Həmçinin Şuşaya xarici ölkələrdən mədəniyyət və incəsənət xadimləri gələrək ölkəmizlə daha yaxından tanış olmalarına şərait yaradılacaq.
“Qarabağın açarı, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərinin 270 illik yubileyi bu il böyük təntənə ilə qeyd ediləcək. Tariximizdə, mədəniyyətimizdə xüsusi yeri olan Şuşada 2022-ci ildə yeni infrastrukturun qurulması, vətəndaşlarımızın Şuşaya geri dönüşünü təmin etmək üçün işlər davam etdiriləcək. Əminəm ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Şuşa tezliklə tək Azərbaycanın yox, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Əvvəllər olduğu kimi, yenə də və sonsuzadək Azərbaycan mədəniyyətinin incisi olaraq qalacaq”, - deyə deputat fikirlərini tamamlayıb.