ŞUŞA İLİ


Deputat: “Şuşa İli” xalqımızın 30 illik arzularının reallaşacağı il olacaq

Bakı, 17 fevral, AZƏRTAC

Prezident İlham Əliyev yola saldığımız hər köhnə ilin son günündə xalqa təbrik ünvanlayır. Bu təbriklərin məzmununa diqqət yetirəndə böyük bir fəlsəfənin olduğunu görürük. Yəni, dövlətimizin başçısı yola saldığımız ildə əldə olunan nailiyyətlərimizi geniş ictimaiyyətin diqqətinə çatdırır və növbəti ilin prioritetlərini elan edir. Belə ki, 2021-ci ilin sonunda da Prezident İlham Əliyev 2022-ci ilin uğurlu olacağını qeyd edərək ilimizi Şuşaya həsr etdiyini açıqladı. Dövlətimizin başçısının yeni ildə hansı sahəni prioritet elan edəcəyi hamını maraqlandırır. Çünki yola saldığımız illərdə prioritet elan olunan sahələrdə sıçrayışlı inkişaf baş verir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov söyləyib.

Deputatın sözlərinə görə, dövlətimizin başçısının 2022-ci ili “Şuşa İli” elan etməsi xalqımızın ürəyincə oldu. Çünki 28 il idi ki, xalqımız ifadə etdiyi bütün fikirlərini Şuşa ilə bağlayırdı. Bütün Azərbaycan bayrağımızın Şuşada dalğalanacağı günü gözləyirdi. 2022-ci ilin “Şuşa İli” elan olunması bu şəhərin bizə nə qədər əziz və doğma olduğunu göstərdi. Bu gün “Şuşa İli”ndən danışarkən sözsüz ki, ümummilli lider Heydər Əliyevin “Qarabağın tacı” haqqında söylədiyi müdrik kəlamları, onun istək və arzularını yada salmalıyıq. Ulu öndər Heydər Əliyev dəfələrlə xatırladırdı ki, Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur. Ona görə də 2022-ci ilin “Şuşa İli” adlandırılmasının bizim üçün müstəsna əhəmiyyəti var.

A.Badamov vurğulayıb ki, Şuşa işğaldan azad ediləndən sonra ötən qısa zamanda orada genişmiqyaslı işlər görülüb. Belə ki, Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı keçirilib. Bu festivalda Şuşanın azad olunmasında iştirak edən Azərbaycanın bütün xalqlarının mədəniyyət nümunələri nümayiş etdirilib. Bu, həm də döyüş meydanında formalaşmış “Dəmir yumruğ”un mədəniyyət meydanında davam etdirilməsi və möhkəmlənməsi demək idi. Vaqifin məqbərəsi bərpa edilərək qarşısında Vaqif Poeziya Günləri keçirilib. Bülbülün, Natəvanın və Üzeyirin büstləri yerinə qaytarılıb. Həmçinin Bülbülün ev-muzeyi təmir olunub. Görülən bütün bu işlərin fonunda Şuşaya “qoruq şəhər” statusu verilib. Paralel olaraq, Şuşanın Baş planı hazırlanıb. Amma cari ildə Şuşada görəcəyimiz işlər daha çox olacaq. Artıq Şuşa şəhərində 3 məscidin bərpasına başlanılıb.

“Şuşada yerləşən mədəni-tarixi abidələrə yenidən həyat verilib və yeni yaşayış massivinin tikintisinə başlanılıb. Bundan əlavə, Şuşaya müntəzəm avtobus marşrutu açılıb, hər bir vətəndaşımızın oraya getməsinə, ermənilərin törətdikləri vəhşilikləri görməsinə şərait yaradılıb. Bu il Şuşada beynəlxalq əhəmiyyətli mədəni-kütləvi tədbirlər təşkil olunacaq. O cümlədən Şuşanın 270 illiyinə həsr olunmuş tədbirlər baş tutacaq və dünya ictimaiyyəti bu şəhəri daha yaxından tanıyacaq. 2022-ci ilin “Şuşa İli” elan olunması nəinki Şuşaya, o cümlədən işğaldan azad olunmuş bütün ərazilərimizə canlanma gətirib. Həm də “Şuşa İli”ndə Böyük Qayıdışımız baş tutacaq. Bu, həm də xalqımızın 30 illik arzularının reallaşacağı il olacaq”, - deyə deputat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.