SİYASƏT
İsmayıl Qəhrəman: Qarabağ məsələsi bizim milli məsələmizdir
Bakı, 24 may, AZƏRTAC
Türkiyədə səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəman ilə görüşüb.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
İsmayıl Qəhrəman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunub və bildirib ki, “Qarabağ məsələsi bizim milli məsələmizdir. Çox təəssüf ki, bütün dünyanın gözü önündə böyük haqsızlıq yaşanmaqdadır. Dünya bu və buna bənzər haqsızlıqlara qarşı seyrçi qalmamalıdır”
Fuad Muradov hər bir azərbaycanlının qəlbinin Türkiyə ilə döyündüyünü deyib. O, əmin olduğunu bildirib ki, gələcəkdə iki dövlət birlikdə daha böyük işlər görəcək. Komitə sədri Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaş ölkələrimizin işıqlı gələcəyi üçün çalışdıqlarını qeyd edib. Komitə sədri əlavə edib ki, xalqlarımız arasında sülh və dostluq körpüləri ulu öndər Heydər Əliyev tərəfindən qurulub.
Görüş Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb.