MƏDƏNİYYƏT


“Digitalart-lab” layihəsi çərçivəsində növbəti görüş Azərbaycanda animasiya sənətinə həsr olunacaq

Bakı, 7 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə aprelin 9-da animator, “Azanfilm” studiyasının direktoru Mansur Şəfiyevin “Azərbaycanda animasiya sahəsi” mövzusunda ustad dərsi təşkil olunacaq.

Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, ustad dərsi Azərbaycanda animasiya sahəsindəki yeniliklər, tətbiq edilən metodlar, həmçinin bu istiqamətdə çalışan rəssamların yaradıcılığını dəstəkləmək məqsədilə keçiriləcək.

Ustad dərsinin “Zoom” tətbiqi vasitəsilə “Digitalart-lab” layihəsi iştirakçıları üçün nəzərdə tutulan proqrama əsasən keçirilməsi planlaşdırılır. Dərsi Azərbaycan Dövlət Rəsm Qalereyasının rəsmi saytı və sosial media hesablarından yayımlanacaq videomaterialdan izləmək mümkün olacaq.

Qeyd edək ki, Mansur Şəfiyev 1993-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini bitirən M.Şəfiyev 2015-2016-cı illərdə Niderland Krallığı, Avans Universitetində animasiya sahəsi üzrə magistr dərəcəsində təhsil alıb. Mansur Şəfiyev 2019-cu ildə ''Azanfilm'' studiyasının direktoru vəzifəsinə təyin olunub. O, 2016-2019-cu illərdən müxtəlif layihələrdə çalışıb.

Mansur Şəfiyev "Cırtdan və sehrli xalat 2-ci hissə" (2018), "Mənim balaca Şahzadəm" (2019) seriallarının animatoru, "Tıq-tıq xanım və dostları möcüzələr axtarışında" (2020) serialının, “Qobustan" filminin, hazırda isə çəkilişi davam edən “Oğurlanmış Bahar” ekran əsərinin prodüseridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.