CƏMİYYƏT
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi Zaqatala və Balakəndə vətəndaşları qəbul edib
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və müavinləri bölgələrdə vətəndaşları qəbul edir, onların müraciət və təkliflərinin, ərizə və şikayətlərinin həlli üçün operativ tədbirlər görürlər.
Vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Zaqatalada, sədr müavini Gündüz İsmayılov isə Balakəndə vətəndaşları qəbul ediblər.
Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbullarda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciət ediblər. Qəbula gələn vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şəraitin yaradılmasından razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.