CƏMİYYƏT


Dini radikalizmə qarşı mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə qadınların rolu” mövzusunda tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə YAP Binəqədi rayon təşkilatının inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə tər güllər düzüblər.

YAP Binəqədi rayon təşkilatı Qadınlar Şurasının sədri Aytac Əliyeva mərasimi açaraq mövzu ilə bağlı məlumat verib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək bildirib ki, dini radikalizmə qarşı mübarizə tədbirləri daha da gücləndirilib. Vurğulayıb ki, İslam dini dünyada öz mövqeyini, rolunu və nüfuzunu qoruyub saxlamaqdadır.

Ölkəmizdə dövlət-din münasibətlərindən danışan komitə sədri qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərinə qayıdışı sürətlənib. M.Qurbanlı gənclər arasında dini maarifləndirmə işinin aparılmasının zəruriliyindən, bəzi radikal qrupların gəncləri öz təsir dairəsinə salmağa çalışmasından danışaraq, bunun qarşısının alınması üçün görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb. Qeyd edib ki, Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən effektiv vasitə maarifləndirmə işidir.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qeyd edib ki, dünyada elə bir sərvət yoxdur ki, mənəviyyatdan uzaq olsun. Təəssüflər olsun ki, bəzən gənclərimiz bilməyərəkdən radikal dini təriqətlərə qoşulurlar. Bu gün Azərbaycanda sabitlik mövcuddur və onu qorumaq hər birimizin işidir. O yerdə ki obyektivlik yoxdur, orada yalan, ikili standartlar olur. Heç şübhəsiz ki, bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr də var. İnsan mənəviyyatlı olmalı və bir-birinə dəyər verməlidir.

Tədbirdə, həmçinin BDU-nun ilahiyyat fakültəsinin müəllimi Səbinə Mirzəyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov iştirak ediblər.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.