DÜNYA
Donald Tramp 73 nəfəri əfv edib
Bakı, 20 yanvar, AZƏRTAC
ABŞ-ın hazırkı Prezidenti bu gün 73 nəfərin əfv olunması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, prezident daha 70 nəfərin cəzasını yumşaltmağı qərara alıb.
Əfv olunanlar arasında prezidentin sabiq köməkçisi Stiven Bennon, Google kompaniyasının sabiq mühəndisi Entoni Levandovski, reperlər Lil Ueyn və Kodak Blek, amerikalı sahibkar Elliott Broydi, Respublikaçılar partiyasının məsləhətçisi Pol Erikson və digər tanınmış simalar var.
Donald Trampın özünü və ailə üzvlərini əfv etmək fikrindən daşınıb. Siyahıda Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snoudenin və WikiLeaks təşkilatının qurucusu Culian Assanjın adları yoxdur. Prezident şəxsi vəkili Rudolf Culianini də əfv etməyib.
Trampın prezident postunu tərk etməsinə saatlar qalır. Bu gün günorta (Bakı vaxtı ilə saat 21:00) Kapitoli pilləkənləri önündə ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Baydenin inauqurasiya mərasimi olacaq. Mərasim ərəfəsində Vaşinqtonda gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Şəhərin mərkəzi hissəsi, Ağ ev və Konqresin yaxınlığındakı yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. Bir neçə gündür polisin əhatəyə aldığı Kapitoli yaxınlığına ictimaiyyət nümayəndələri buraxılmır.