ELM VƏ TƏHSİL
Doqquzuncu sinif şagirdlərinin iyunun 8-də keçirilmiş buraxılış imtahanlarının nəticələri açıqlanmışdır VİDEO
Bakı, 11 iyun (AZƏRTAC). Xəbər verildiyi kimi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il iyunun 8-də Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun orta ümumtəhsil müəssisələrinin IX sinif şagirdlərinin buraxılış imtahanlarını keçirmişdir.
Həmin gün qeyd edilən şəhərlərdə və rayonda fəaliyyət göstərən məcburi köçkün rayonlarının orta ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri, həmçinin Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakən rayonları məktəblərinin rus bölməsinin şagirdləri də mərkəzləşdirilmiş qaydada buraxılış imtahanı vermişlər.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirmişlər ki, bu imtahanların nəticələri TQDK-nın internet saytında yerləşdirilmişdir.
İmtahanlarda iştirak etmiş hər bir şagird test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumatı TQDK-nın internet saytı ilə yanaşı, “Azercell”, “Bakcell” və “Nar Mobile” nömrələrindən mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilər.
İyunun 8-də ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
Doqquzuncu sinif şagirdlərinin fənlər üzrə düzgün cavablarının sayının 5 ballıq qiymət şkalasına (2,3,4,5) uyğunluğu müvafiq cədvəldə təqdim olunur.
Həmin cədvəl TQDK-nın internet saytında yerləşdirilmişdir.