İQTİSADİYYAT
Dörd ayda torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artıb
Bakı, 24 may, AZƏRTAC
Prezident İlham Əliyevin “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilkin qeydiyyat göstəricisinin daha yüksək olmasına imkan verib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin ilk dörd ayı ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 2,8 dəfə artaraq 14 min 197 olub.
Əmlak Məsələləri Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, fərdi yaşayış və bağ evinin ilkin qeydiyyatında da artım müşahidə edilib. Keçən ilin eyni dövrü ilə müqayisədə ilkin qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı bu ilin yanvar-aprel ayları ərzində 4,2 faiz artaraq 5050 olub.