CƏMİYYƏT
Dövlət Komitəsinin sədr müavini Şəmkirdə vətəndaşlarla görüşüb
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Şəmkirdə vətəndaşları qəbul edib.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, qəbulda Şəmkir, Daşkəsən, Gədəbəy rayonlarından olan sakinlər iştirak ediblər. Qəbulda sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, erkən nikah və boşanmalardan yaranan problemlərə, imkansız ailələrin müvafiq istiqamətdə təminatı, uşaq hüquqlarının müdafiəsi, məişət zorakılığına məruz qalma və s. kimi məsələlərə baxılıb. Vətəndaşların Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətləri Dövlət Komitəsinin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.
Qəbuldan sonra Sədaqət Qəhrəmanova rayonun bir qrup fəal qadını ilə görüşüb. Qəbulda komitənin sədr müavini ailə, qadın və uşaq siyasəti sahəsində görülən mühüm işlər və layihələr haqqında rayon nümayəndələrinə məlumat verib. Onların müraciəti dinlənilib və təklifləri nəzərə alınıb.