CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti ardıcıl üç ildir “ASAN xidmət indeksi” üzrə ən yüksək nəticə göstərib
Bakı, 1 dekabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti (DMX) ardıcıl üç ildir “ASAN xidmət indeksi” üzrə ən yüksək nəticə göstərib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 25 mərkəzi icra hakimiyyəti orqanının 270, Bakı şəhərinin 13 yerli icra hakimiyyəti orqanının 229 və kommunal xidmətlər göstərən 4 hüquqi şəxsin 55 xidməti daxil olmaqla, ümumilikdə 554 xidmət qiymətləndirilib. Mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək nəticəni ardıcıl üçüncü il Dövlət Miqrasiya Xidməti göstərib.
Qeyd edək ki, bundan əvvəl 2017-2018-ci və 2018-2019-cu illər üzrə qiymətləndirmə nəticələrinə əsasən “ASAN xidmət indeksi” üzrə mərkəzi icra hakimiyyəti orqanları sırasında Dövlət Miqrasiya Xidməti birinci olub.
Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətlərində keyfiyyətin, səmərəliliyin artırılması, yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.