İQTİSADİYYAT
Dövlət Proqramı çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 200 kilometr dəmir yolu əsaslı təmir olunmuşdur
Bakı, 15 mart (AZƏRTAC). Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri davam edir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyindən AZƏRTAC-a bildirmişlər ki, martın 14-də dəmir yolunun Qarabucaq-Müsüslü mənzilində 200-cü kilometrin əsaslı təmiri başa çatdırılmışdır.
Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə 2011-ci il iyunun 10-da Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində başlanılmış, ilk 100-cü kilometrin təmiri ötən il iyulun 21-də Mingəçevir stansiyasında başa çatmışdır. Dəmiryolçuların fədakarlığı sayəsində, 8 ay ərzində, növbəti 100 kilometr dəmir yolu vaxtından qabaq təmir olunmuşdur.
Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları həyata keçirir.