MƏDƏNİYYƏT
Dövlət Səs Yazıları Arxivində xanəndə Ağakərim Nafiz Şirvani ilə görüş keçirilib
Bakı, 5 iyul, AZƏRTAC
Dövlət Səs Yazıları Arxivində xanəndə, şair Ağakərim Nafiz Şirvani ilə görüş keçirilib.
Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, ustad xanəndənin arxivçilərlə görüşü zamanı onun daha öncə Dövlət Səs Yazıları Arxivinə şəxsən təqdim etdiyi sənədlərdən, həmçinin şəxsi kolleksiyasında qoruyub saxladığı qiymətli qrammofon vallarından söhbət açılıb.
1989-cu ildə Ağdamda keçirilən “Xarıbülbül” muğam müsabiqəsinin qalibi olan Ağakərim Nafizin təqdim etdiyi maraqlı sənədlər sırasında xanəndənin 2001-ci ildə Fransada lentə alınmış ifası zamanı onu Azərbaycanın Xalq artistləri tarzən Malik Mansurov və nağara ifaçısı Natiq Şirinovla yanaşı, udda fransalı Mark Lopuytun müşayiət etməsini əks etdirən sənədlər mövcuddur.
Görüşdə Ağakərim Nafizin ədəbi və musiqi yaradıcılığının yaxından izləyicisi, onun əsərlərini toplayan, həmçinin şairin “DİVAN”ının tərtibatçısı və naşiri Turan İbrahimov öz çıxışında ustad xanəndənin yaradıcılığı ilə yanaşı, anası yazıçı Əzizə Cəfərzadənin yaradıcılığı və son illərdə nəşr edilmiş kitabları haqqında da məlumat verib.
Görüşdə Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin baş məsləhətçiləri Rafiq Səfərov, Gülnar Məlikova, Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcullayeva və arxivin kollektivi iştirak ediblər.