REGİONLAR
Dövlət Statistika Komitəsi: Qəbul məntəqələrinə 181 min 323 ton pambıq təhvil verilib
Bakı, 30 oktyabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Oktyabrın 30-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 181 min 323 ton məhsul təhvil verilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz çox pambıq tədarük olunub.
Hazırda ölkə üzrə ən çox pambıq tədarük edən rayonlar bunlardır: Saatlı 15 min 815 hektardan 24 min 334 ton, Bərdədə 9 min 630 hektardan 19 min 52 ton, Ağcabədi 10 min hektardan 18 min 973 ton, Biləsuvarda 12 min hektardan 16 min 867 ton və Beyləqanda 9 min 560 hektardan 16 min 735 ton. Məhsul yığımı davam edir.
Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuş, 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb. 2015-ci ildə 18 min hektarda çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektara, tədarük 89 min tona çatmışdı. 2017-ci ildə isə pambıq tarlalarının sahəsi 136 min hektarı ötmüş, məhsul yığımı isə 2016-cı ilin ümumi göstəricisindən 2,3 dəfə çox olmuşdu.
AZƏRTAC respublikada pambıq tədarükünə dair oktyabrın 30-na olan operativ məlumatı təqdim edir.