MƏDƏNİYYƏT
Dövlət Teatr Muzeyində növbəti ustad dərsi təşkil olunub
Bakı, 12 may, AZƏRTAC
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində mütəmadi olaraq müxtəlif mövzular ətrafında maarifləndirici proqramlar həyata keçirilir. Proqram çərçivəsində müasir gənclərin düşüncə hüdudlarını genişləndirmək, yaradıcı və innovativ potensiallarını üzə çıxarmaq və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakına təkan vermək məqsədilə “Mən və incə sənət” adlı ustad dərsləri keçirilir.
AZƏRTAC xəbər verir ki, növbəti ustad dərsi mayın 12-də ekspert, sənət bilicisi Mirzə Talıbovun iştirakı ilə sənət əsərlərinin və əntiq əşyaların araşdırılması mövzusunda təşkil olunub. Layihənin əsas hədəfi gənclərimizə rəsm əsərlərinə fərqli rakurslardan yanaşmanı aşılamağa, onlarda bu bacarıqları üzə çıxarmağa və inkişaf etdirməyə yönəlib.
Muzeyi ziyarət edən gənclər tədbir öncəsi ekspozisiya ilə tanış oldular. Daha sonra onlara dünyanın məşhur muzeylərində sərgilənən müxtəlif eksponatlardan ibarət slaydlar nümayiş olunub və muzey əşyalarının növləri, xarakteristikası, tarixi, materialı, texnikası, orijinallığı, stil və janrının təhlili ətrafında geniş müzakirələr aparılıb. Həmçinin iştirakçıları maraqlandıran suallar ekspert tərəfindən ətraflı şəkildə cavablandırılıb.
Ustad dərsinin auditoriyası Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrindən, muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət idi.
Bu qəbildən olan ustad dərslərimiz davam etdiriləcək.