ELM VƏ TƏHSİL


Dövlət orqanlarında vakant olan 208 inzibati vəzifə müsahibəyə çıxarılıb

Bakı, 13 sentyabr, AZƏRTAC

Sentyabrın 13-də mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla inzibati dövlət qulluğu vəzifələrinin 4-7-ci təsnifatı üzrə A və B növünə aid olan ümumilikdə 34 dövlət orqanında 208 vakant inzibati vəzifənin tutulması üçün müsabiqənin müsahibə mərhələsi elan edilib.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

- Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatı qüvvədə olan şəxslər;

- Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər.

Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizədlər sentyabrın 13-dən oktyabrın 12-si saat 18:00-dək Mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

Müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Müvafiq tələblərə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.

Müsabiqənin müsahibə mərhələsində iştirakı qeydə alınmayan namizədə bu barədə portal vasitəsilə elektron bildiriş göndərilir. Namizədin qeydə alınmamasına səbəb olan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra, namizəd müvafiq vəzifə üzrə müsahibədə iştirak etmək üçün qeydə alınır. Çatışmazlıqlar 3 iş günü müddətində aradan qaldırılmadıqda, namizəd müsahibədə iştirak etmək üçün qeydə alınmır.

Namizəd müəyyən edilmiş şərtlərə cavab vermədikdə, habelə onun tərəfindən təqdim edilmiş məlumat və sənədlərdə bilərəkdən yanlış məlumatlar verilməsi aşkar edildiyi halda, namizədin müsahibədə əldə etdiyi nəticələr etibarsız hesab edilir.

Namizədlər müsahibələrin keçirilmə vaxtı və yeri haqqında məlumatları sənəd qəbulu başa çatdıqdan sonra Mərkəzin www.dim.gov.az internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdiriləcək müsahibələrin keçirilməsi qrafikindən əldə edə bilərlər.

Müsahibənin keçirilməsində məqsəd namizədin bilik səviyyəsini, peşə hazırlığını, ümumi dünyagörüşünü və vakant vəzifə üçün zəruri olan keyfiyyətlərini yoxlamaqla onun vəzifəyə uyğunluğunu müəyyən etməkdir. Müsahibənin nəticəsi barədə məlumat Mərkəzin internet portalında və müvafiq dövlət orqanının saytında yerləşdirilir.

Müsahibə proqramları və qulluq funksiyalarına dair ətraflı məlumat almaq üçün Mərkəzin dim.gov.az internet portalına müraciət edilə bilər.

Qeyd edək ki, müsahibəyə çıxarılması üçün dövlət orqanları arasında ən çox vakant vəzifə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (30 vəzifə), Dövlət Turizm Agentliyi (21 vəzifə) və Gənclər və İdman Nazirliyi (20 vəzifə) tərəfindən təqdim olunub.

Müsabiqənin müsahibə mərhələsinə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Dövlət Turizm Agentliyində Maliyyə və texniki təchizat şöbəsində müdir müavini və Hesablama Palatasında Ümumdövlət xidmətlərinin auditi şöbəsi, Dövlət borcunun auditi sektorunda məsləhətçi vəzifələridir.

Ümumilikdə müsahibəyə çıxarılmış 208 vakant inzibati vəzifənin 7-si AB, 7-si AC, 56-sı BA, 138-i isə BB vəzifə qrupuna aiddir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.