ELM VƏ TƏHSİL
Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanına qeydiyyat başa çatır
Bakı, 10 iyul, AZƏRTAC
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyənlərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanları keçiriləcək.
DİM-dən AZƏRTAC-a bildirilib ki, iyulun 11-də və 21-də AA, AB, AC, BA, BB qrupları üzrə təşkil olunacaq imtahanlar saat 10:00-da başlayacaq.
Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. İmtahanlarda iştirak etmək üçün online qeydiyyat müvafiq olaraq iyulun 11-i və 21-i saat 9:00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.
Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”dəki hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) yararlanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak etmək üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.