CƏMİYYƏT
“Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda növbəti təlim Şirvanda keçirilib
![](/files/galleryphoto/2021/2/1200x630/16251471696532842396_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/1625147169454068792_1200x630.jpg)
![](/files/galleryphoto/2021/2/1200x630/16251471692801456806_1200x630.jpg)
Bakı, 1 iyul, AZƏRTAC
Şirvan Gənclər evində Gənclər və İdman Nazirliyinin strukturuna daxil olan gənclər və idman idarələrində çalışan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən şəxslər üçün “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda regionlarla iş və kadrlar şöbəsinin əməkdaşları tərəfindən təlim keçirilib.
AZƏRTAC nazirliyin saytına istinadla xəbər verir ki, təlimdə Gənclər və İdman Nazirliyinin əməkdaşları, Şirvan şəhərinin və Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd, Ağcabədi, Bərdə, Füzuli, Laçın rayonlarının gənclər və idman idarələrinin rəisləri iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin Regionlarla iş və kadrlar şöbəsinin məsləhətçisi Ağahüseyn Hüseynov təlimin keçirilməsində əsas məqsədin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsində peşəkarlığın artırılması, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları formalaşdırmaqla dövlət orqanının fəaliyyətində səmərəliliyin artırılması olduğunu bildirib.
Sonra təlimdə qiymətləndirmənin təşkili, bu prosesin mərhələləri, qiymətləndirmə zamanı tapşırıqların müəyyən edilməsi, habelə qiymətləndirmə meyarları haqqında məlumat verilib. Həmçinin mövzuya dair slayd nümayiş olunub və təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.