İDMAN
Türkiyə millisinin baş məşqçisi: Portuqaliyalı futbolçuları topsuz qoymaqla onlara çətinlik yarada bilərik
![Türkiyə millisinin baş məşqçisi: Portuqaliyalı futbolçuları topsuz qoymaqla onlara çətinlik yarada bilərik](/files/2024/2/1200x630/1719051624568413156_1200x630.jpeg)
Bakı, 22 iyun, AZƏRTAC
“Güclü tərəflərimizə diqqət yetirməli və təmkinli oynamalıyıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella Avropa çempionatının qrup mərhələsinin II turunda Portuqaliya seçməsinə qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.
İtaliyalı mütəxəssis bildirib ki, müdafiədə diqqətli oynamaq lazımdır: “Rəqibin heyətində yaxşı hücumçular var. Buna görə də müdafiədə kompakt oynamalıyıq. Topa nəzarəti ələ keçirməliyik. Çünki rəqib topsuz qalanda çətinlik çəkir. Ən önəmlisi də qapımız qarşısında qol epizodlarının yaranmasına imkan verməməliyik. Hətta portuqaliyalı müdafiəçilərin də topla nələr edə biləcəyini yaxşı bilirik. Heç bir futbolçunu nəzarətsiz qoymaq olmaz”.
51 yaşlı çalışdırıcı Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin Türkiyə yığması haqqında dediyi fikirlərə də münasibət bildirib: “Rəqib məşqçi bizim komandanın bütün diqqətini hücuma yönəltdiyini söyləyib. Bu fikirdə olması məni sevindirdi”.
Qeyd edək ki, bu gün Dortmund şəhərində yerləşən “Siqnal İduna Park” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.