ELM VƏ TƏHSİL
Bu gün paytaxt üzrə 3070 müəllim sertifikatlaşdırma prosesinə dəvət olunub
![](/files/galleryphoto/2024/2/1200x630/17190429822358335700_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719042982245849499_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/1719042982908520291_1200x630.jpg)
![](/files/galleryphoto/2024/2/1200x630/17190429826126438756_1200x630.jpg)
Bakı, 22 iyun, AZƏRTAC
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan 3070 müəllim sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsinə dəvət olunub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri imtahan mərkəzinə gələrək müəllimlərə tövsiyələrini veriblər, həmçinin sertifikatlaşdırma imtahanlarının gedişini izləyiblər.
Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində tədris fənni üzrə ümumi təhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra namizədin kompüterinin ekranında görünür.
Test imtahanında mümkün 60 baldan minimum 30 bal toplamış müəllimlər sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak hüququ qazanacaqlar.
Xatırladaq ki, Nazirlər Kabinetinin 2022-ci il 18 avqust tarixli qərarına əsasən, dövlət ümumi təhsil müəssisələrinin təhsilverənlərinə sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində nəticə göstərənlərin vəzifə maaşlarına əlavələr ediləcək.