MƏDƏNİYYƏT
Dubay nəşrində “Xurşidbanu Natəvan:Azərbaycan poeziyasının incisi” sərlövhəli məqalə dərc olunub
Qahirə, 15 sentyabr, AZƏRTAC
Dubayda nəşr olunan “Əl Xalec” qəzetində “Xurşidbanu Natəvan: Azərbaycan poeziyasının incisi” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalənin əvvəlində oktyabrın 1-də açılışı olacaq “Dubai-Expo 2021” beynəlxalq sərgisində Azərbaycan pavilyonundan bəhs edilib. Müəllif qeyd edib ki, bu pavilyon sərginin ən çox diqqəti cəlb edən məkanlarından biridir. Yazıda vurğulanıb ki, Azərbaycan böyük elmi potensiala, zəngin mədəniyyətə malik olan ölkədir. Yuxarı hissəsi yarpağı xatırladan Azərbaycan pavilyonu tükənməz günəş enerjisi təəssüratı yaradır.
Məqalədə Azərbaycanın coğrafi mövqeyi, paytaxt Bakı, ölkəmizin mədəni irsi, xalqımızın adət-ənənələri haqqında geniş məlumat verilib. Bu kontekstdə görkəmli Azərbaycan şairi Xurşidbanu Natəvanın həyatı və yaradıcılığından ətraflı bəhs edilib.
Müəllif diqqətə çatdırıb ki, Qarabağın hökmdarı Mehdiqulu xanın qızı Xurşidbanu Natəvan hələ uşaqlıq illərində dünyəvi elmləri, ərəb və fars dillərini öyrənib, klassik poeziyanın incəliklərinə yiyələnib. O, Şuşada ədəbi məclislər təşkil edib, həmçinin xeyriyyəçiliklə məşğul olub. O dövrdə rusca nəşr olunan “Kavkaz” qəzetində bu nəcib xanımın kasıblara əl tutması, Şuşaya su çəkdirməsi barədə yazılar dərc edilmişdi. “Xan qızı Natəvan sarayı” və “Xan qızı Natəvan bulağı” qədim Şuşanın bəzəyi olub. Məşhur fransız yazıçısı Aleksandr Düma Natəvanla görüşündən sonra yazırdı ki, onun ədəbi fəaliyyəti Rusiyadan tutmuş Osmanlı imperiyasına qədər bütün ziyalılara məlum idi. Poeziya ilə yanaşı, Xurşidbanu Natəvan təsviri sənət və musiqi istedadına da malik olub.
Yazının sonunda qeyd edilib ki, adının mənası “Günəş şüası” olan Natəvanın lirik poeziyasının ana xəttini humanizm, xeyirxahlıq, dostluq və sevgi təşkil edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə