CƏMİYYƏT
Dubayda daha bir ünvanda Azərbaycan bayrağı ucaldılıb
Əbu-Dabi, 13 dekabr, AZƏRTAC
Dekabrın 13-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində daha bir ünvanda Azərbaycan bayrağı ucaldılıb.
AZƏRTAC xəbər verir ki, Dubayın ən izdihamlı rayonu olan Cümeyrədə məşhur “Burj al Arab” və “Jumeirah Beach Hotel” mehmanxanaları ilə üzbəüz yerləşən “The Mall” ticarət mərkəzinin qarşısında dalğalanan Azərbaycan bayrağı hər bir azərbaycanlıda qürur hissi doğurmaqla yanaşı, ölkəmizin BƏƏ-də daha çox tanıdılmasına xidmət edəcək.
Bayrağın quraşdırıldığı premium sinif ticarət mərkəzi hesab olunan “The Mall”-da Əbu-Dabidəki səfirliyimizin nəzdində fəaliyyət göstərən ticarət nümayəndəliyinin ofisi, Azərbaycanın zəngin və BƏƏ sakinləri arasında sevilən mətbəxini təqdim edən restoran və kafe fəaliyyət göstərir. Yaxın günlərdə Azərbaycan məhsullarının təbliği, marketinqi, topdan və pərakəndə satışı ilə məşğul olacaq mağazanın da açılması ilə Dubayda Azərbaycan Evi layihəsi tamamlanacaq və tam gücü ilə məhsullarımızın BƏƏ bazarında artırılması istiqamətində fəaliyyət göstərəcək.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əbu-Dabi