ELM VƏ TƏHSİL
Effektiv idarəetmənin problemləri müzakirə olunur
Bakı, 24 oktyabr, Elvira Məmmədova, AZƏRTAC
Ölkənin dinamik inkişafında idarəetmə mexanizminin daha da möhkəmləndirilməsi əsas məsələlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru, professor Cəfər Cəfərov oktyabrın 24-də bu ali təhsil ocağının Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) ilə birgə təşkil etdiyi “Müasir dövrdə effektiv idarəetmənin problemləri” mövzusunda respublika elmi-praktik konfransında bildirib. Rektor hesab edir ki, konfrans idarəetmə mexanizminin daha da möhkəmləndirilməsi istiqamətində qarşıya çıxan bir sıra problemlərin uğurlu həllinə müsbət təsir göstərəcək.
Mövzunun aktuallığından danışan rektor bildirib ki, dinləniləcək məruzələrdə effektiv idarəetmə prosesində nəzərəçarpan nöqsanların aradan qaldırılması yollarının müəyyənləşdirilməsi, bir sıra yeniliklərin tətbiqindən əvvəl perspektiv imkanların geniş müzakirəyə çıxarılması məsələsi ilkin şərt kimi əksini tapıb. Eyni zamanda, irəli sürülən təkliflərin idarəedicilərə vaxtında çatdırılması tələb olunur.
Konfrans işini “Dövlətin və bələdiyyənin idarə edilməsi”, “İdarəetmənin hüquqi əsasları”, “Beynəlxalq münasibətlərin aktual problemləri və tarixi” və “İnsan resurslarının idarə edilməsi” bölmələri üzrə davam etdirəcək.
Plenar iclasda ATMU-nun şöbə müdiri, dosent Nəsirulla Nəsirlinin “Azərbaycan ali təhsil məkanında keyfiyyətin idarə edilməsi” və DİA-nın dosenti Oruc Məmmədovun “Dövlət idarəetməsində qanuniliyin konstitusion prinsipləri” mövzusunda məruzələri dinlənilib.
Iki gün davam edəcək konfransda tədqiqatçıların “Sektorlararası əməkdaşlığın təşkili və menecmenti”, “Müasir şəraitdə turizmin inkişafında dövlət və yerli idarəetmənin təkmilləşdirilməsinin vəziyyəti”, “Azərbaycan Respublikasında bələdiyyələrin fəaliyyətinə ictimai və inzibati nəzarət”, “İdarəçilikdə dövlət fenomeni, onun fundamental əsasları”, “İnsan kapitalının formalaşdırılması və idarə edilməsi” və digər mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.