REGİONLAR
Ekologiya və təbii sərvətlər naziri 30-dan çox vətəndaşın müraciətini dinləyib VİDEO
Füzuli, 29 aprel, AZƏRTAC
Aprelin 29-da ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Horadiz şəhərindəki Muğam Mərkəzində Füzuli, Beyləqan, İmişli, Ağcabədi və Ağdam rayonlarının sakinlərini qəbul edib, onların fikir və təkliflərini dinləyib.
AZƏRTAC xəbər verir ki, nazirliyin idarə və departamentlərinin, həmçinin yerli qurumlarının rəhbərlərinin iştirak etdiyi görüşdə 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Vətəndaşlar əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, ətraf mühitin monitorinqi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Hər bir müraciəti diqqətlə dinləyən nazir şikayətlərin qanunvericiliyə uyğun və qısa müddət ərzində araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
Qəbulda vətəndaşlar tərəfindən irəli sürülən müxtəlif təkliflər qeydə alınıb, qaldırılan məsələlərin əksəriyyəti yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər isə müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlərlə bağlı vətəndaşlara izahat verilib, həmin müraciətlər aidiyyəti dövlət qurumlarına çatdırılması üçün qeydiyyata alınıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.